Rusiyadakı ABŞ vətəndaşları səfərbər olmaq riski səbəbindən təcili olaraq ölkəni tərk etməlidirlər.
Bu barədə ABŞ-ın Moskvadakı səfirliyinin saytında yerləşdirilən məlumatda bildirilir.
Diplomatik nümayəndəlik vurğulayıb ki, Rusiya hakimiyyəti ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, Amerika vətəndaşlarını konsulluq yardımından məhrum edə, “onları səfərbərliyə məruz qoya” və Rusiyanı tərk etmələrinə mane ola bilər.
“Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez hərəkətə keçməlisiniz. ABŞ səfirliyinin vətəndaşlarına ölkəni tərk etməsinə kömək etmək imkanlarında ciddi məhdudiyyətlər var və nəqliyyat imkanları məhdudlaşa bilər”, - səfirlik xəbərdarlıq edib.
Səfirlik həmçinin ABŞ vətəndaşlarına “hər hansı siyasi və ya sosial etirazlardan çəkinməyi və bu tədbirlərdə təhlükəsizlik işçilərinin şəklini çəkməməyi” tövsiyə edir. Diplomatik nümayəndəlik xatırladıb ki, Rusiya hakimiyyəti daha əvvəl nümayişlərdə iştirak etdiklərinə görə ABŞ vətəndaşlarını həbs etmişdi.
ABŞ səfirliyi sonuncu dəfə sentyabrın 21-də elan edilən səfərbərlikdən sonra Amerika vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. O zaman diplomatik nümayəndəlik bunun “mümkün qədər tez” həyata keçirilməsini tövsiyə edib və Rusiyadan kommersiya uçuşlarının sayının “son dərəcə məhdud” olduğunu bildirib.