Amerikanın CNN telekanalı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin palatasından siyasətçinin çarpayıya çatmamış yıxıldığı videonu nümayiş etdirib. Bundan əvvəl sabiq prezidentin ağır vəziyyətdə reanimasiyaya köçürülməsi ilə bağlı xəbərlər yayılmışdı.
Saakaşvilinin həkimləri hesab edir ki, Gürcüstanın keçmiş prezidentini sağaltmaq demək olar ki, mümkün deyil. Onların sözlərinə görə, son vaxtlar o, 42 kiloqram arıqlayıb, idrak funksiyaları da zəifləyib, polineyropatiyası var. Həkimlər bildiriblər ki, indiki müalicə səmərəsizdir və yalnız Saakaşvilinin vəziyyətini ağırlaşdırır - əgər keçmiş prezidentin səhhəti yaxşılaşmasa, o, bir neçə ay yaşaya bilər.
Bundan əvvəl Saakaşvili onun zəhərlənməsini araşdırmaq xahişi ilə xarici mediaya müraciət edib. ABŞ-da laboratoriya və Nyu-Yorkda tanınmış toksikoloq bu faktı sübut edib. Siyasətçi həmçinin Gürcüstanın Rusiya ilə şübhəli əlaqələrinin araşdırılmasını istəyib.
Fevralın 6-da Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşvilini səhhəti ilə bağlı azadlığa buraxmaqdan imtina edib.