Kiyev Krıma hücum etmək üçün Britaniya raketlərindən istifadə etmək istəyir

London 240 kilometr mənzilli “Harpun” raketlərinin və 400 kilometrə qədər mənzilli “Storm Shadow” raketlərinin Kiyevə ötürülməsi imkanlarını nəzərdən keçirir.

“Times” qəzetinin köşə yazarı Corc Qrills Ukraynanın müdafiə sahəsindəki mənbəyə istinadən yazır ki, onlar Krımda hədəfləri vurmaq üçün istifadə ediləcək.

Ukrayna Müdafiə Nazirliyindəki nəşrin mənbələri Kiyevin belə bir ssenari üzərində işlədiyini təsdiqləyib. Qeyd olunur ki, hazırda dəqiq neçə raket göndərilə biləcəyi ilə bağlı danışıqlar aparılır. Qrills bildirib ki, transsərhəd zərbələrin münaqişəni gücləndirə biləcəyinə dair narahatlıqlara baxmayaraq, müzakirələr davam edir.

O xatırladıb ki, Ukrayna lideri Vladimir Zelenski daha əvvəl Qərbin uzaq mənzilli silahlarının Ukrayna Silahlı Qüvvələrinə işğal olunmuş ərazilərin dərinliklərindəki Rusiya hərbi obyektlərini məhv etməyə imkan verəcəyini deyib. İndi jurnalistin fikrincə, Kiyevin belə hərəkətlərə hazır olduğuna şübhə yoxdur.

Bundan əvvəl Zelenski Londona səfər edib və burada Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə Kiyevə silah tədarükü ilə bağlı danışıqlar aparıb. Görüşün sonunda Sunak Böyük Britaniyanın Ukraynaya “daha ​​uzunmənzilli silahlar” ötürməyə hazırlaşdığını təsdiqləsə də, təfərrüatları açıqlanmayıb. Baş nazir Ukraynaya qırıcı təyyarələrin tədarükünü də istisna etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ