Ukraynanı hücum silahları ilə təmin edən NATO ölkələri münaqişəni uzatmağa çalışır.
“İnterfaks” xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“ABŞ və müttəfiqləri münaqişəni mümkün qədər uzatmağa çalışır. Bunun üçün ağır hücum silahları verməyə başladılar, Ukraynanı açıq şəkildə bizim ərazilərimizi ələ keçirməyə çağırdılar. Əslində belə addımlar NATO ölkələrini münaqişəyə cəlb edir və gözlənilməz eskalasiya səviyyəsinə gətirib çıxara bilər”, - Şoyqu bildirib.
Həmin iclasda müdafiə naziri Rusiya qoşunlarının Donetsk və Zaporojye istiqamətlərində 7 yaşayış məntəqəsini işğal etdiyini açıqlayıb: Soledar, Kleşeevka, Podqornoe, Krasnopolye, Blaqodatnoe, Lobkove və Nikolaevka. Şoyqu iddia edir ki, yanvarda Ukrayna Silahlı Qüvvələri 6,5 mindən çox insan, 341 tank, 26 təyyarə və 7 helikopter itirib.
Müharibə zamanı hətta münaqişə tərəflərinin rəsmi nümayəndələrinin də yaydığı məlumatları operativ şəkildə yoxlamaq mümkün deyil.
Fevralın əvvəlində ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlamışdı. Xüsusilə, ABŞ Ukraynaya 150 kilometr məsafədəki hədəfləri vura bilən raketlər verəcək.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Kiyev Qərbə Rusiya ərazisindəki hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə olunmayacağına dair zəmanət verməyə hazırdır. Nazir qeyd edib ki, Ukraynanın “müvəqqəti olaraq işğal olunmuş ərazilərində kifayət qədər hədəfləri var” (Kiyev onların arasında Krımı da əhatə edir).