Rusiya yaxın 10 gün ərzində Ukraynaya genişmiqyaslı hücum əməliyyatına başlaya bilər. Bu barədə “Financial Times” Ukrayna ordusunun adı açıqlanmayan məsləhətçisinə istinadən yazır.
Analitiklər hesab edirlər ki, ötən ilin payızında əks-hücum nəticəsində Ukrayna ordusu tərəfindən azad eidlən Luqansk vilayətinin Kremennaya və Liman bölgəsi yeni hücum istiqamətinə çevrilə bilər. Artıq bir neçə həftədir ki, Rusiya bu ərazilərə qoşun toplayır.
Volodimir Zelenski fevralın 5-də xalqa müraciətində deyib ki, RF qoşunlarının “fevralda simvolik bir şey etmək, keçən ilki məğlubiyyətlərin əvəzini çıxmaq istədiyi” barədə çoxlu məlumatlar var.
“Biz cəbhənin müxtəlif istiqamətlərində, eləcə də informasiya sahəsində təzyiqi görürük. Donetsk vilayətində çox çətindir - şiddətli döyüşlər gedir. Amma nə qədər ağır olsa da, təzyiq nə olursa olsun, biz dözməliyik”, - Ukrayna prezidenti bildirib.