ABŞ Şimal Komandanlığının qırıcı təyyarələri ölkənin hava məkanında görünən Çin şarını vurub.
Hava aparatına Cənubi Karolina sahillərində Atlantik okeanı üzərində olarkən raket atılıb. Əməliyyat başlamazdan əvvəl ABŞ Federal Aviasiya İdarəsi Şimali və Cənubi Karolina ştatlarında üç hava limanının fəaliyyətini dayandırıb.
Pentaqon bildirib ki, ABŞ prezidenti Co Bayden fevralın 1-də Çin zondunu vurmaq əmrini verib, lakin Müdafiə Nazirliyi təhlükəsizlik səbəbi ilə hava şarının ABŞ ərazi suları üzərindən keçməsini gözləyib.
Hərbi idarə iddia edir ki, təyyarə Çin tərəfindən ABŞ-dakı strateji obyektlərin monitorinqi üçün istifadə edilib. ÇXR daha əvvəl hava şarının meteoroloji məqsədlər üçün istifadə edildiyini açıqlayıb.
Çin Xarici İşlər Nazirliyi “ABŞ-ın mülki pilotsuz hava şarına hücum etmək üçün güc tətbiq etməsinə” etiraz edib. “Çin yoxlamadan sonra Amerika tərəfini dəfələrlə hava şarının mülki istifadə üçün olduğu və fors-major vəziyyətə görə ABŞ-a [hava məkanına] daxil olması barədə xəbərdar edib, bu, tamamilə gözlənilməz bir vəziyyətdir”, - XİN-in bəyanatında deyilir. Diplomatlar əlavə ediblər ki, ÇXR bundan sonra lazımi cavab vermək hüququnu özündə saxlayır və öz qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq.