ABŞ və digər Qərb ölkələrinin rəsmiləri hesab edir ki, Ukraynada həlak olan və yaralanan Rusiya əsgərlərinin sayı 200 minə yaxınlaşır.
Bu barədə The New York Times məlumat yayıb.
Qəzetin yazdığına görə, bir neçə aydır Baxmut uğrunda gedən döyüşlərdə ən böyük itkilər Rusiya tərəfi verib. Moskvanın bütün Şərqi Donbasın işğalının açarı kimi gördüyü şəhəri ələ keçirmək üçün Rusiya ordusu zəif təlim keçmiş əsgərlərdən və keçmiş məhbuslardan istifadə edir.
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi Kolin Kalın sözlərinə görə, Rusiya hərbçilərinin bu cür taktikası ordunun silah-sursatının, o cümlədən artilleriya mərmilərinin tükənməsi ilə bağlıdır. Departament sözçüsü bildirib ki, rusiyalılar bu çatışmazlığı “məhbusları dalğalar şəklində Baxmut və Soledar kimi yerlərə göndərməklə” doldururlar.
Eyni zamanda, nəşr qeyd edir ki, insan itkiləri çətin ki, Vladimir Putinin hərbi məqsədlərinə mane ola bilər, çünki Moskvanın “böyük qələbəyə çox ehtiyacı var”.
“Əslində Rusiyanın itkilərinin nə qədər böyük olmasının əhəmiyyəti yoxdur, çünki onların ümumi insan resursları Ukraynanınkından qat-qat çoxdur. Rusiyada bir əsgərin həyatı heç nəyə dəyməz. Digər tərəfdən, ölən əsgər necə ölsə də, qəhrəmandır. Bütün ölən əsgərlər dəyişdirilə bilər və itkilərin sayı müharibə haqqında ictimai rəyi dəyişməyəcək”, - qəzet Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salmanın sözlərini sitat gətirir.
Ukraynanın itkiləri ilə bağlı NYT ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millinin qiymətləndirməsinə istinad edir. 2022-ci ilin noyabrında o, münaqişənin hər iki tərəfinin 100 mindən çox insan itirdiyini bəyan edib. Eyni zamanda, nəşr qeyd edir ki, Baxmut uğrunda döyüşlərdə Ukraynanın itkiləri Rusiyanın itkiləri ilə müqayisə oluna bilər.