Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətindən Ukrayna vətəndaşı olan siyasətçi Mixail Saakaşvilini Kiyevə qaytarmağı tələb edib.
“SSRİ-nin ən pis ənənələrinə uyğun olaraq, Gürcüstan hakimiyyəti Mixail Saakaşviliyə qarşı psixoloji və fiziki zorakılıq tətbiq edir, ona təcili tibbi yardımın göstərilməsinə mane olur, onun həyatı üçün qəsdən təhlükə yaradır”, - Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Ukrayna departamenti Gürcüstan hakimiyyətini Saakaşvilini “məsxərəyə qoymağı dayandırmağa” çağırıb və hazırkı vəziyyəti Qafqaz ölkəsində “demokratiyanın olmamasının” göstəricisi adlandırıb. Ukrayna Xarici İşlər Nazirliyi xarici hökumətləri siyasətçini açıq şəkildə müdafiə etməyə çağırıb.
Mixail Saakaşvili 2021-ci ilin payızından Gürcüstanda həbsdədir. O, ölkə sərhədini qanunsuz keçdikdən sonra saxlanılıb. Bundan əvvəl keçmiş prezident Gürcüstanda iki cinayət işi üzrə həbs cəzasına məhkum edilib.
Həbsdə dəfələrlə aclıq aksiyası keçirən Saakaşvilinin səhhəti pisləşməyə başlayıb, o, istintaq təcridxanasından xəstəxanaya köçürülüb. 2023-cü il yanvarın sonunda Saakaşvilinin vəkilləri onun ağır vəziyyətdə reanimasiyaya köçürüldüyünü bildiriblər.