Borrell Aİ-nin Azərbaycana qarşı mümkün sanksiyaları barədə

Avropa İttifaqı (Aİ) Laçın yolu ətrafındakı vəziyyətlə bağlı sanksiya mexanizmini nəzərdən keçirmir.

Bu barədə Aİ-nin Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Avropa Parlamentinin üzvü Asita Kankonun rəsmi sorğusuna cavabında bildirilib.

Diqqətə çatdırılıb ki, Aİ 2022-ci ilin dekabr ayından Laçın dəhlizi boyunca və onun ətrafında baş verən hadisələri yaxından izləyir və Ali Nümayəndə Borrell hər iki tərəfin xarici işlər naziri ilə müntəzəm əlaqə saxlayır.

Xatırladılıb ki, Aİ-nin Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da hər iki tərəflə yaxın təmasdadır:

“Aİ Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə uyğun olaraq dəhliz boyunca təhlükəsizliyi təmin etmək üçün öz yurisdiksiyasına aid tədbirlər görməyə çağırıb”.

Qeyd olunub ki, 6 oktyabr 2022-ci il tarixində Praqada əldə edilmiş razılaşmaya əsasən, Ermənistanın sorğusuna cavab olaraq Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Aİ-nin Monitorinq Missiyası Ermənistana maksimum iki ay müddətinə yerləşdirilib və fəaliyyətini 19 dekabr 2022-ci ildə başa çatdırıb. Bildirilib ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, regionda etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

“Sanksiyalar Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin məqsədlərini təşviq etmək üçün vasitələrindən yalnız biridir və bu halda nəzərə alınmır. Aİ-nin Ermənistan və Azərbaycanla səyləri dialoq yolu ilə həll yollarının əldə edilməsinə yönəlib və hər iki ölkənin liderləri buna sadiqliklərini ifadə ediblər”, - qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ