Polis “Lotu Quli”nin obyektində kütləvi yoxlama aparır

“Rosqvardiya” və polis əməkdaşları başlıca olaraq azərbaycanlıların çalışdığı Moskvanın ən iri ərzaq bazarlarından olan “Fud Siti”də reyd keçirir.

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin dediyinə görə, martın 12-də Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara “Rosqvardiya” əməkdaşları səfərbər olunub. Onlar girişləri bağlayaraq, bazar ərazisinə heç kəsi buraxmır. Polis əməkdaşları isə axtarışlar həyata keçirir, bazarda işləyənləri sorğu-sual edir.

Reydin səbəbi və saxlanılanların olub-olmaması barədə məlumat yoxdur.

Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı Qodu Nisanov və Zarah İliyevə məxsus “Sadovod” paytaxt bazarında, həmçinin, “Moskva” ticarət mərkəzində də həyata keçirilmişdi.

Reydin gedişində bir neçə nəfər saxlanılıb.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun azərbaycanlıların çalışdığı “Fud Siti” aqroklasterinə nəzarəti ələ keçirdiyinə dair informasiya yayılıb. Məlumatda bildirilirdi ki, “Fud Siti” daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi. 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ