ABŞ generalı Çinlə müharibəyə hazırlaşmağa çağırdı

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan deyib ki, Çin və ABŞ arasında Tayvan üzərində müharibə 2025-ci ildə başlaya bilər.

“NBC News” xəbər verir ki, o, bu barədə tabeliyində olanlara göndərdiyi ismarıcda yazıb.

“Ümid edirəm yanılıram. İntuisiya mənə deyir ki, 2025-ci ildə döyüşməli olacağam”, - deyə general mesajında bildirib. Mayk Minihan qeyd edib ki, həm ABŞ, həm də Tayvanda 2024-cü ildə prezident seçkiləri keçiriləcək və Çin prezidenti Si Cinpin bundan Tayvanı ələ keçirmək üçün istifadə edə bilər.

Komandir zabitlərə fevralın 28-dək Çinlə döyüşə hazırlıqla bağlı bütün əsas hadisələr barədə məlumat verməyi tapşırıb. Zabitlərə mart ayında da “şəxsi işlərinə baxmaq” və hüquqi məsələləri həll etmək tapşırılıb.

Aviasiya komandanlığının nümayəndəsi göndərilən memorandumun həqiqiliyini təsdiqləyib. O, qeyd edib ki, generalın əmrləri 2022-ci ildə “müdaxilə uğursuz olarsa, gələcək münaqişəyə” hazırlaşmaq üçün görülən səylərə əsaslanır.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü, öz növbəsində, Mayk Minihanın şərhlərinin “Departamentin Çinə baxışını əks etdirmədiyini” və Pentaqonun Hind-Sakit okean regionunu “dinc, azad və açıq” saxlamağa sadiq olduğunu bildirib.

Çin Tayvanı özünün ayrılmaz hissəsi hesab edir, lakin Pekin vətəndaş müharibəsinin bitməsindən və 1949-cu ildə ÇXR-in yaradılmasından sonra adaya faktiki nəzarət etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ