Almaniya Ukraynaya 14 ədəd “Leopard 2” tankları göndərəcək.
Bu barədə Almaniya Nazirlər Kabineti qərar verib.
Kansler Olaf Şolts Almaniyanın Ukraynaya hərbi dəstəyini artırmağa davam edəcəyini kabinetin iclasında bildirib. Federal hökumət Ukrayna Silahlı Qüvvələrini “Leopard 2” əsas döyüş tankları ilə təmin etmək qərarına gəlib.
“Bu, Almaniyanın ən yaxın Avropa və beynəlxalq tərəfdaşları ilə aparılan intensiv məsləhətləşmələrin nəticəsidir. Bu qərar bizim Ukraynanı bacardığımız qədər dəstəkləmək xəttimizə uyğundur. Biz beynəlxalq səviyyədə sıx əlaqələndirilmiş şəkildə fəaliyyət göstəririk”, - Kansler qeyd edib. Məqsəd Ukrayna üçün “Leopard 2” tanklarından ibarət iki tank batalyonunu tez bir zamanda yığmaqdır. Almaniya ilk addım olaraq Bundesver ehtiyatından Ukraynaya 14 ədəd "Leopard 2 A6" tankı verəcək. Tankların idarə olunması üçün Ukrayna hərbçilərinin təlimi tezliklə Almaniyada başlayacaq. Təlimdən əlavə, paketə logistika, sursat və sistemə texniki xidmət də daxildir.
Almaniyanın öz hərbi ehtiyatlarından "Leopard 2" tanklarını Ukraynaya çatdırmaq istəyən tərəfdaş ölkələrə də müvafiq transfer icazələrinin veriləcəyi bildirilib.