CNN Rusiyada yeni səfərbərlik dalğası barədə məlumat yayıb - Kremlin reaksiyası

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalının RF hakimiyyətinin daha 200 min insanı səfərbər etmək niyyətində olduğu barədə məlumatını etibarsız adlandırıb. Onun sözlərini TASS sitat gətirib.

Dövlət agentliyi qeyd edir ki, Peskovdan CNN xəbərinin “bu mövzuda sosial mediada əvvəlki şayiələr qədər etibarsız olub-olmadığı” soruşulub. Kremlin sözçüsü belə cavab verib: “Bəli. Şayiədir”.

CNN yanvarın 24-də bildirib ki, Rusiya prezidenti Vladimir Putin növbəti səfərbərlik dalğası zamanı 200 min nəfərin orduya çağırılmasını nəzərdən keçirir. Bu barədə telekanala kəşfiyyat məlumatları ilə tanış olan Amerika və Qərb rəsmiləri məlumat verib. Mənbələr yeni səfərbərlik dalğasının “daha sakit” keçəcəyini bildiriblər.

Qərbin yüksək rütbəli kəşfiyyat rəsmisi CNN-ə deyib ki, Putin səfərbərliyin yeni mərhələsi ilə bağlı hələ yekun qərar qəbul etməyib, Rusiya lideri “ictimai etirazlar və mənfi iqtisadi nəticələrdən narahatdır”.

Dekabrın sonu - yanvarın əvvəlində Ukrayna hakimiyyəti Rusiyada yeni səfərbərlik dalğasının hazırlandığını dəfələrlə bəyan edib. Ukraynanın hərbi kəşfiyyatı iddia edib ki, Rusiya guya daha 500 min nəfəri səfərbər etməyi planlaşdırır və çağırış yanvarın 15-də başlaya bilər. Ukrayna prezidenti Vladimir Zelenski də Rusiyada “yeni səfərbərlik prosesləri” hazırlandığını bildirib. Ukrayna nümayəndələri bunu necə öyrəndiklərini dəqiqləşdirməyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ