Kaliforniyada iki gün ərzində ikinci qətliam baş verib

Kaliforniyanın San-Fransisko yaxınlığında yerləşən Half Moon Bay şəhərində atışma nəticəsində 7 nəfər həlak olub.

CBS telekanalının məlumatına görə, yerli fermalardan birində atışma barədə siqnal polisə təxminən 14:20-də (Bakı vaxtı ilə 24 yanvar 00:20) daxil olub. Hadisə yerində polis dörd nəfərin cəsədini tapıb, vəziyyəti ağır olan başqa bir nəfər isə Stanford Universitetinin Tibb Mərkəzinə aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sonradan yaxınlıqdakı müəssisədə daha üç nəfərin meyitini aşkar ediblər.

Tezliklə polis şübhəli şəxsi saxlayıb - onun 67 yaşlı yerli sakin Çjao Çunli olduğu müəyyən edilib. Onun atışma baş verən iki yerdən birində işlədiyi bildirilir. Həmin şəxs şerifin ofisinin yaxınlığındakı dayanacaqda saxlanılıb. Onun özünün hakimiyyətə təslim olmağı planlaşdırdığı güman edilir. Polis şübhəlinin avtomobilindən yarı avtomatik tapança aşkar edib. Cinayətin motivləri hələlik məlum deyil.

Xatırladaq ki, yanvarın 21-də axşam saatlarında Kaliforniyanın Monterey Park şəhərində atışma baş verib, nəticədə 10 nəfər ölüb, eyni sayda insan yaralanıb. Yaralananlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib. Polis atəş açan şəxsin 72 yaşlı Huu Kanq Çan olduğunu müəyyən edib. Həmin şəxs həbs olunarkən intihar edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ