Boş tabutlar: “Vaqner” ÖHŞ Ukraynada böyük itkilər verir

“Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) Ukraynadakı müharibədə iştirak etmək üçün cəlb etdiyi 50 min rusiyalı məhbusundan cəmi on min nəfər qalıb.

Bu barədə “Rus sidyaşaya” xeyriyyə fondunun rəhbəri Olqa Romanova deyib.

“Bizim məlumatlara görə, dekabrın sonuna 42-43 min [məhbus] döyüşlərə cəlb edilib. İndi onların sayı, çox güman ki, artıq 50 mindən çoxdur. Lakin bu məhbuslardan yalnız on mini cəbhədə döyüşür, çünki qalanları ya öldürülüb, ya itkin düşüb, ya da fərari və ya təslim olub”, - Romanova “My Russian Right” layihəsinə bildirib.

Onun sözlərinə görə, məhbuslar payızda qaçmağa başlayıblar. Layihə rəhbəri qeyd edir ki, onların bir çoxu özləri ilə silah götürərək yenidən Rusiyaya qaçıblar. Nümunə olaraq o, 2022-ci il dekabrın əvvəlində Rostov vilayətində baş vermiş hadisəni göstərib. Həmin hadisə zamanı məhbus özü ilə cəbhədən gətirdiyi silahla polisə atəş açıb, onlardan birini yaralayıb.

Romanova həmçinin təxmin edib ki, “Putinə müharibədə qalib gələcəyini vəd edən” “Vaqner”in yaradıcısı Yevgeni Priqojin itkin düşən və ya qaçan məhbusların statistikasını aparmır, sadəcə olaraq onların hamısını ölülər siyahısına yazdırır. Bunu məhbusların qohumlarına boş tabutların göndərilməsi ilə bağlı xəbərlər sübut edə bilər.

Rusiya həbsxanalarında məhbusların Ukraynadakı müharibədə iştirak etmək üçün cəlb edilməsi 2022-ci ilin yayında məlum olub. Yevgeni Priqojin şəxsən bəzi koloniyalara baş çəkib. 

Dekabrda ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ukraynadakı “Vaqner” döyüşçülərinin sayı 50 min nəfərə çata bilər. O, həmçinin qeyd edib ki, qrupun 90%-i keçmiş məhbuslar ola bilər. Yanvarda bu məlumatı Britaniya Müdafiə Nazirliyi qismən təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ