Ukrayna kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə hücum əmri barədə məlumatı fevralın sonunda Rusiya-Ukrayna danışıqlarında iştirak edən və daha sonra martın əvvəlində öldürülən maliyyəçi Denis Kireyevdən öyrənib.
Bu barədə “The Wall Street Journal“ (WSJ) məqalə dərc edib.
Ötən ilin fevral ayınadək Kireyev bankir kimi tanınırdı: o, “Citibank”, “Credit Lyonnais”, “ING”, “Rabobank”ın Ukrayna bölmələrində, eləcə də Ukrayna Dövlət Əmanət Bankında (“Oşadbank”) işləyib. Fevral ayında - çoxları üçün gözlənilmədən - o, Rusiya ilə danışıqlar zamanı Ukrayna nümayəndə heyətinə daxil edilib. Martın 5-də onun Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən saxlanılması zamanı öldüyü məlum olub.
Ukrayna mətbuatı mənbələrə istinadən onun vətənə xəyanətdə şübhəli bilindiyini yazsa da, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Kireyevin öz əməkdaşı olduğunu və “xüsusi tapşırığı” yerinə yetirərkən həlak olduğunu açıqlayıb.
“The Wall Street Journal” öz məqaləsində Kireyevin BKİ-yə necə girdiyini anladıb. 2021-ci ilin yazında BKİ-nin rəhbəri Kiril Budanov maliyyəçini Ukrayna hərbi kəşfiyyatının qərargahına çağırıb. O, öz əlaqələrindən və təmaslarından istifadə edərək Rusiya hərbi kəşfiyyat xidmətinə sızmağa cəhd etmək xahişi ilə ona müraciət edib.
“Onun gərəkli tanış çevrəsi var idi. Onun üzərindən maliyyə əməliyyatları gerçəkləşdirilirdi. O hər kəslə, o cümlədən çox nüfuzlu insanlarla əlaqə saxlayırdı”, - Budanov nəşrə müsahibəsində bildirib.
Kiril Budanov
Kireyev bu təklifə razılıq verib. WSJ-nin məlumatına görə, o, Xarkov vilayətinə getməyə başlayıb və orada başqa bir hərbi kəşfiyyatçı ilə birlikdə avtomobillə Rusiya ilə sərhədi keçib. O, bir neçə gündən sonra qayıdıb, bundan sonra toplanmış bilgiləri Budanova çatdırıb.
“Hər şey haqqında informasiya alırdı. Xüsusi xidmətlər dünyası və maliyyə dünyası, ən azı bizim ölkələrdə olduğu kimi, cinayət dünyası da həmişə bir-birinə bağlıdır”, - Budanov qeyd edib.
Onun sözlərinə görə, 2021-ci ilin payızında ABŞ xüsusi xidmət orqanları Rusiya təhlükəsi ilə bağlı Ukraynanı xəbərdar etməyə başlayanda Kireyev öz mənbələrindən yaxınlaşan işğal barədə məlumat alıb və Ukraynada ilk olaraq həyəcan təbili çalıb.
İşğal ərəfəsində - fevralın 23-də Kireyev Budanova yeni kəşfiyyat məlumatı verib. Məlumata görə, səhər tezdən Rusiya Prezidenti Vladimir Putin işğal barədə göstəriş verib. Nəşr yazıb ki, Kireyev Rusiyanın ilk hücumunun əsas hədəflərindən birini də bilirdi.
Budanov və Kireyev
Nəşr xatırladır ki, fevralın 24-də səhər saat 8-də Rusiya hərbi helikopterləri Kiyev yaxınlığındakı Antonov hava limanına eniş edib. Budanovun sözlərinə görə, məhz Kireyevdən aldığı məlumat sayəsində aerodroma əlavə qüvvələr yerləşdirilib. Şiddətli döyüşlərdən sonra aerodromdan Kiyevə hücum üçün tramplin kimi istifadə etmək qeyri-mümkün olub.
“Kireyev olmasaydı, çox güman ki, Kiyev ələ keçiriləcəkdi”, - Budanov vurğulayıb.
Eyni zamanda, məqalədən məlum olur ki, ötən il Ukrayna Prezidenti Volodimir Zelenski Denis Kireyevi ölümündən sonra “Dövlət suverenliyinin və dövlət təhlükəsizliyinin müdafiəsində müstəsna xidmətə görə” medalı ilə təltif edib.
Rusiyanın Kiyevdəki blitskriqinin qarşısı alındıqdan sonra Budanov Kireyevdən fevralın sonu və martın əvvəlində Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarında iştirak etməyi xahiş edib.
Kireyev anlayırdı ki, danışıqlarda iştirak etmək onun üçün riskli olacaq, çünki onun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi aydın olacaq. Buna baxmayaraq, o razılaşıb.
“Yaxşı, lənət olsun. Madam ki, Vətən “lazımdır” deyir - gedəcəyəm”, - Kireyev mühafizəçilərindən birinə deyib.
Soldan ikinci dayanan Denis Kireyev fevralın 28-də Ukrayna və Rusiya rəsmilərinin Belarusda mümkün atəşkəslə bağlı müzakirələrində
Budanov bildirib ki, Belarusda danışıqların ikinci raundundan əvvəl, martın 3-nə keçən gecə UTX-nin əks-kəşfiyyat rəisi Aleksandr Pokladın ofisindən Kireyevə zəng edilib və rəisin onunla şəxsən görüşmək istədiyi deyilib. Danışıqların ikinci günü Kireyev Belarus səfərində iştirak etməli olan mühafizəçiləri və hərbi kəşfiyyat agentləri ilə birlikdə Kiyev vağzalına gedib. O, mühafizəçilərinə xəbərdarlıq edib ki, həbs olunacağı təqdirdə müdaxilə etməsinlər.
Kiyevin mərkəzindəki Müqəddəs Sofiya kilsəsinin yaxınlığında içində UTX agentləri olan bir neçə mikroavtobus Kireyevin avtomobilinin qarşısını kəsib. Onun mühafizəçiləri tərk-silah ediliblər, Kireyevin özünü isə mikroavtobusa mindirərək naməlum istiqamətə aparıblar. Təxminən saat yarımdan sonra Kireyevin meyitinin tapıldığı yerə hərbi polis çağırılıb.
Bu cür qətlləri araşdıran Ukrayna Dövlət İstintaq Bürosu şərh verməkdən imtina edib.
WSJ xatırladır ki, iyul ayında dövlət başçısı UTX-nin rəisi İvan Bakanovu işdən çıxarıb və onlarla UTX generalını Rusiyanın işğal siyasətini asanlaşdıran mümkün roluna görə vəzifəsindən azad edib və ya onları məsuliyyətə cəlb edib.