ABŞ Krıma zərbələr endirməkdə Ukraynaya kömək etmək istəyir

ABŞ prezident administrasiyası Ukraynanı Krımdakı hədəflərə zərbələr endirməyə imkan verəcək vasitələrlə təmin etmək məsələsində mövqeyini tədricən yumşaldır. Bu barədə “The New York Times” yazır.

Yarımadanın Rusiya tərəfindən ilhaqından sonra ABŞ Krımın Ukrayna ərazisi olduğunu iddia edib. Lakin müharibə başlayandan bəri ABŞ Kiyevə yarımadadakı hədəfləri vurmaq üçün vasitələr verməkdən imtina edib. NYT yazır ki, hərbçilər və prezident administrasiyasının rəsmiləri şəxsi söhbətlərində Ukrayna Silahlı Qüvvələrinin cəbhənin digər hissələrində daha uyğun hədəflərə malik olduğuna inanaraq, Ukraynanın Krıma zərbə endirməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.

İndi isə nəşrin yazdığına görə, münasibət dəyişib. Bayden administrasiyası belə bir fikrə meyl edir ki, Ukrayna qüvvələri Rusiyanı Krıma nəzarəti itirmək riskini hiss etdirə bilsə, bu, Kiyevin gələcək danışıqlarda mövqeyini gücləndirəcək. Rusiyanın taktiki nüvə silahı ilə cavab zərbəsi endirəcəyi ilə bağlı qorxular ABŞ rəsmiləri və ekspertləri arasında da azalıb, baxmayaraq ki, onlar belə bir ssenari riskinin hələ də qaldığını düşünürlər.

Məqalədə vurğulandığı kimi, söhbət hələlik Ukraynanı Krımda hədəfləri vurmağa imkan verən raketlərlə təmin etməkdən getmir. Bununla belə, Krım körpüsü kimi yarımadanın əsas təchizat marşrutlarına hücum etmək üçün təchiz edilmiş digər silahların, o cümlədən HIMARS MLRS və Bradley zirehli maşınlarının istifadəsinin mümkünlüyü müzakirə edilir.

Oktyabrın 8-də yarımadanı Rusiyanın Krasnodar vilayəti ilə birləşdirən Krım körpüsündə partlayış baş verib. Körpünün avtomobil hissəsinin bir neçə aşırımları dağılıb. Rusiya tərəfi insidentdə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb, Kiyevdə Krım körpüsündə baş verən partlayışla bağlı ittihamları rədd ediblər.

Ukrayna hakimiyyəti dəfələrlə bildirib ki, onların məqsədlərindən biri Krımın qaytarılmasıdır. Rusiya hakimiyyəti də, öz növbəsində, yarımadaya hücumların qarşısını almaq üçün əllərində olan bütün vasitələrdən istifadə etməyə hazır olduqlarını bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ