Çin əhalisi 60 il ərzində ilk dəfə azalıb

2022-ci ildə Çinin əhalisi 850 min nəfər azalaraq 1,41 milyard nəfərə düşüb. Bu barədə “South China Morning Post” Çin Milli Statistika Bürosunun məlumatlarına istinadən xəbər verir.

Honq Konq investisiya firması “Pinpoint Asset Management”in baş iqtisadçısı Çjan Çjvey bildirib ki, Çin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb. İqtisadçının fikrincə, gələcəkdə azalma tendensiyası davam edəcək.

Ötən il Çində 9,56 milyon uşaq doğulub ki, bu da bir il əvvəlki rəqəmlə müqayisədə 10% azdır. 2022-ci ildə ölkədə doğum səviyyəsi hər min nəfərə 6,77 doğuş təşkil edib və müvafiq statistik məlumatların toplanmasına başlanılan 1949-cu ildən bəri ən aşağı göstərici olub.

Çində əhalinin qocalması gedir. 2022-ci ildə ölkədə 65 yaşdan yuxarı 209,78 milyon insan qeydə alınıb - bu, əhalinin 14,85 faizini təşkil edir (bir il əvvəl bu pay 14,2 faiz idi). Əmək qabiliyyətli yaşda olanların sayı 875,56 milyon nəfər və ya əhalinin 62 faizini təşkil edib (bir il əvvəl bu göstərici 62,5 faiz idi).

Çində əhalinin artımı 2016-cı ildən bəri yavaşlayır. Bu, hökumətin doğum səviyyəsini artırmaq üçün gördüyü tədbirlərə baxmayaraq baş verib. 2015-ci ildə ölkədə bir uşaq siyasəti rəsmən ləğv edilib, 2021-ci ildə isə çinli ailələrə üç uşaq dünyaya gətirməyə icazə verilib. Bundan əlavə, Çində uşaqların doğulması nağd ödənişlər və sosial müavinətlərlə stimullaşdırılmağa başlanılıb.

“South China Morning Post” Çinin səlahiyyətlilərin hərəkətlərinə baxmayaraq daha az uşaq sahibi olmağa başlamasının səbəbləri arasında yüksək valideynlik xərclərini, gənc nəslin ailə və evliliyə baxışlarını dəyişməsini və COVID məhdudiyyətləri fonunda iqtisadi inkişafın yavaşlamasını göstərir.

Çjan Çjvey bildirib ki, gələcəkdə Çinin əhalisinin azalması ölkə iqtisadiyyatına təsir edəcək. Onun sözlərinə görə, Çin artıq iqtisadi artımın struktur sürücüsü kimi demoqrafik göstəricilərə etibar edə bilməz, lakin daha çox əmək məhsuldarlığından asılı olacaq.

Birləşmiş Millətlər Təşkilatı Hindistanın bu il Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacağını proqnozlaşdırır. BMT həmçinin Çin əhalisinin 2050-ci ilə qədər 1,3 milyarda, 2100-cü ilə qədər isə 800 milyondan aşağı düşəcəyini gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ