Avropa İttifaqı (Aİ) Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir.
Bu barədə məlumatı “Azadlıq radiosu”nun erməni xidməti yayıb.
Məlumata görə, missiyanın müddəti bu dəfə 2 ay deyil, azı 2 il davam etməlidir.
Missiyanın öz fəaliyyətinə fevralın 20-si başlayacağı bildirilir.
“Bu gün sözügedən məsələ Aİ səfirlərinin görüşündə müzakirə olunacaq. Yekun qərarın isə yanvarın 23-ü Aİ ölkələrinin XİN rəhbərlərinin görüşündə veriləcəyi güman edilir. Bu layihə ötən həftə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul olunub”, - deyə məlumatda qeyd olunub.
Ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, budəfəki missiyanın bütün Ermənistan ərazisini əhatə edəcəyi vurğulanır. Əvvəlkitək missiyanın silahsız olacağı bildirilir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında 2022-ci ilin oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.