İranda müdafiə nazirinin sabiq müavini edam edildi

İran müdafiə nazirinin keçmiş müavini, İran və Britaniya vətəndaşlığı olan Əli-Rza Əkbəri barəsində çıxarılan ölüm hökmü icra edilib. Bu barədə BBC İran dövlət mediasına istinadən məlumat yayıb.

Əkbəri 1997-2005-ci illərdə İrana rəhbərlik edən islahatçı prezident Məhəmməd Xatəmi dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

BBC-nin məlumatına görə, Əkbəri 2019-cu ildə saxlanılıb. O, müxtəlif valyutalarda iki milyon dollardan çox pul aldığı iddia edilən Britaniya kəşfiyyat xidməti MI6-ya casusluqda ittiham olunub. İttiham tərəfinin fikrincə, Əkbəri 2020-ci ildə güllələnərək öldürülən aparıcı iranlı nüvə fiziki Möhsün Fəxrizadəyə sui-qəsdin planlaşdırılmasında iştirak edib.

Bir neçə gün əvvəl BBC İran Əkbərinin səs yazısını əldə medib. O, həbs olunmazdan əvvəl xaricdə yaşadığını və yüksək rütbəli diplomatın dəvəti ilə İrana gəldiyini bildirib. Saxlanıldıqdan sonra Əkbərinin 10 ay ərzində 3500 saatdan çox dindirildiyi və işgəncələrə məruz qaldığı iddia edilir.

“Fizioloji və psixoloji üsullarla iradəmi sındırdılar, məni dəliliyə sövq etdilər və istədiklərini etməyə məcbur etdilər. Silah gücünə və ölümlə hədə-qorxu gələrək məni yalançı etiraflar verməyə məcbur etdilər”, - deyə səs yazısında qeyd olunub.

Böyük Britaniyanın baş naziri Rişi Sunak Əkbərinin edam edilməsindən “şoka düşdüyünü” deyib. “Bu, öz xalqının insan haqlarına hörmət etməyən barbar rejimin etdiyi ürəksiz və qorxaq bir hərəkətdir”", - Sunak Twitter hesabında yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ