Türkiyə Ukraynaya kaset sursatlar verir - Foreign Policy

2022-ci ilin sonundan etibarən Türkiyə Ukraynaya kasetli artilleriya sursatları göndərməyə başladı.

Bu barədə “Foreign Policy” vəziyyətlə tanış olan ABŞ və Avropa rəsmilərinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, söhbət təkmilləşdirilmiş “Dual-Purpose Improved Conventional Munitions” (DPICM) sursatlarından gedir. Bu sursatlar Ukrayna hərbçilərinə Qərb tərəfindən təchiz edilmiş artilleriya qurğularından daha səmərəli istifadə etməyə imkan verə bilər, çünki hər bir belə mərmi Ukrayna müttəfiqlərinin tükənməyə başladığı yüksək partlayıcı parçalanma qabiliyyətinə malik sursatlardan daha öldürücüdür.

“Foreign Policy” yazır ki, Ankara bir neçə aydır ki, Ukraynaya kaset sursatlarının ötürülməsini gizlətməyə çalışır. Lakin ABŞ bu silahları Kiyevə verməkdən imtina etdikdən sonra Türkiyə Ukraynanın onları ala biləcəyi yeganə yerdir.

“Bu, sadəcə onu göstərir ki, Türkiyə bəzi aspektlərdə Rusiya ilə yaxınlaşmasına baxmayaraq, Ukraynanın hərbi baxımdan həqiqətən mühüm dəstəkçisidir”, - nəşrin həmsöhbətlərindən biri deyib.

Türkiyənin Vaşinqtondakı səfirliyi və Ukrayna Müdafiə Nazirliyi “Foreign Policy”nin kaset sursatlarının tədarükü ilə bağlı sualına cavab verməyiblər.

Kasset silahları 2010-cu ildə qəbul edilmiş beynəlxalq konvensiya ilə qadağan edilib. Bu sənədi yüzdən çox ölkə imzalayıb. Ukrayna, Türkiyə, ABŞ və Rusiya konvensiyaya qoşulmayıblar. Eyni zamanda, ABŞ qanunları partlamadığı üçün uzun illər mülki əhali üçün təhlükə yarada biləcək səbəbə kaset sursatlarının ixracını qadağan edir.

Bu tip silahlarla mübarizə üzrə beynəlxalq təşəbbüs qrupu olan Kassetli Sursatlar Koalisiyasının məlumatına görə, 2022-ci ildə Ukrayna dünyada kaset bombalarından istifadə edilən yeganə ölkə olub. Qrupun illik hesabatına görə, Rusiya ordusu Ukraynanın 24 regionundan ən azı onunda yüzlərlə kaset tipli sursatdan istifadə edib. Bu hücumlar nəticəsində azı 215 mülki şəxs həlak olub, 474 nəfər yaralanıb. Ukrayna ordusu, hesabat müəlliflərinin fikrincə, kaset sursatlarından ən azı üç dəfə istifadə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ