Əfqanıstanlı “Brüs Li” taliblərdən İngiltərəyə qaçıb

Əfqanıstanlı “Brüs Li” adlandırılan aktyor Abbas Əlizadə vətənini tərk edərək İngiltərəyə köçmək məcburiyyətində qalıb.

Əlizadə bu barədə Kanadanın “Toronto Star” nəşrinə müsahibəsində danışıb.

Aktyorun sözlərinə görə, Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsi ilə digər əfqan sənətçiləri, idmançıları və musiqiçiləri kimi o da təhlükə altında idi, çünki onların fəaliyyəti “qeyri-islami” hesab olunur. Əlizadə aktyor və xəzər etnik qrupunun nümayəndəsi kimi bir ildən çox gizlənməyə məcbur olub. O, axtarışa verilməsə də, diqqəti cəlb etməmək və populyarlığına görə həbs olunmamaq üçün saqqal saxlayıb.

Əlizadə bildirib ki, o, Hollivud rejissorlarından biri ilə əlaqə saxlayıb və 2020-ci ildə ABŞ-a iş vizası almağa yaxın olub, lakin “Taliban”ın gəlişi ilə Amerikanın Kabildəki səfirliyi bağlanıb, ABŞ-ın İslamabaddakı diplomatik missiyasından isə aktyor cavab almayıb. 

2022-ci ildə o, IRCC-nin Kanada ofisinə özü və ailəsi üçün başqa yerə köçürülməsini xahiş edən ondan çox məktub göndərib, lakin bu məktublar da cavabsız qalıb. Abbas Əlizadə 2022-ci ilin dekabrında Britaniya QHT-si tərəfindən sponsorluq edilərək təxliyə olunan 32 əfqan idmançı arasında olub. O, Böyük Britaniyada yaşayış icazəsi alıb və hazırda Mançesterdə yaşayır. Aktyor deyir ki, tezliklə arzusunu reallaşdıracaq - 2023-cü ilin yayında işləməsi planlaşdırılan Hollivud filmində rol alacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ