El Çaponun oğlu tutuldu: 7 polis öldürüldü, iğtişaşlar başladı - video

Meksika polisi hərbçilərlə birlikdə Sinaloa narkotik kartelinin lideri olduğu iddia edilən narkobaron El Çaponun oğlu Ovidio Qusman-Lopezi həbs edib. Bundan sonra kartelin üzvləri Kuliakan şəhərində iğtişaşlara başlayıb.

Sinaloa qubernatoru Ruben Roça səhər saatlarından günortaya qədər davam edən iğtişaşlar zamanı 12 atışma baş verdiyini, nəticədə hüquq-mühafizə orqanlarının yeddi əməkdaşının öldüyünü, daha 21 nəfərin yaralandığını bildirib. Mülki sakinlər arasında üç nəfər ölüb, 11 nəfər yaralanıb. Bundan əlavə, şəhərdə 25 qarət, eləcə də sonradan küçələrin bağlanması üçün istifadə edilən 250 avtomobil yandırılması faktı qeydə alınıb. Kartel üzvləri Ovidio Qusman-Lopezin daşınmasına mane olmaq üçün təyyarələrə atəş açıblar.

Sonradan vəziyyət sabitləşib, Meksika səlahiyyətliləri kartelin lideri olduğu iddia edilən şəxsin təhlükəsiz şəkildə Mexikoya aparıldığını və oradan ABŞ-a ekstradisiya olunacağını təsdiqləyiblər.

2019-cu ildə Ovidio Qusman-Lopez oxşar əməliyyat zamanı həbs edilmişdi, lakin sonra narkokartelin üzvləri şəhərdə genişmiqyaslı iğtişaşlar törətmiş, bir neçə hərbçini girov götürmüş, həmçinin El Çaponun oğlunu həbs edən bir qrup polisi mühasirəyə almışdılar. Nəticədə ölkə hakimiyyəti qan tökülməsinin qarşısını almaq üçün Ovidio Qusman-Lopesi azad etmişdi.

2021-ci ildə ABŞ rəsmiləri Ovidio Qusman-Lopes və onun üç qardaşının həbsinə səbəb ola biləcək məlumatlara görə 5 milyon dollar mükafat vəd ediblər.

Hoakin Qusman (El Çapo) dünyanın ən məşhur narkobaronudur. O, Meksikada iki dəfə həbs cəzası alıb və iki dəfə həbsxanadan qaçıb. Sonuncu qaçış 2015-ci ildə yeraltı tuneldən istifadə edilməklə həyata keçirilib. El Çapo qaçdıqdan 6 ay sonra Meksikada saxlanılıb. 2017-ci ildə o, ABŞ-a ekstradisiya olunub. 2019-cu ilin iyulunda ABŞ federal məhkəməsi narkobaronu ömürlük həbs cəzasına məhkum edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ