Ukrayna ilk dəfə Qərb tankları alacaq

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskiyə bildirib ki, Fransa Ukrayna ordusuna AMX-10 RC zirehli maşınları (həmçinin yüngül və ya təkərli tanklar da deyilir) verəcək.

Fransanın Europe 1 radiostansiyasının xəbərinə görə, bu barədə Yelisey sarayında AFP agentliyinə məlumat verilib.

“Prezident AMX-10 RC yüngül tanklarının tədarükü ilə razılaşaraq Kiyevə hərbi yardımı genişləndirmək qərarına gəlib. Bu, Qərbdə hazırlanmış tankların Ukrayna ordusuna çatdırılması ilə bağlı ilk hadisədir”, - xəbərdə deyilir. Ukrayna Silahlı Qüvvələrinə neçə AMX-10 RC zirehli maşını və nə vaxt veriləcəyi barədə məlumat dəqiqləşdirilməyib.

Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna Fransadan “Bastion” zirehli transportyorlarını da alacaq. Zelenski özü də təsdiqləyib ki, Makronla söhbəti zamanı yüngül tanklar və “Bastion” zirehli maşınlarının tədarükü barədə danışıblar. 

“Təşəkkür edirəm dostum! Sizin liderliyiniz qələbəmizi sürətləndirir”, – Zelenski Makrona müraciət edərək yazıb.

“Le Figaro”ya görə, AMX-10 RC zirehli maşınları 1981-ci ildən Fransa ordusunda xidmətdədir, onların sayı 247-dən çox deyil. AMX-10 RC iki kilometr məsafədə atəş açmaq qabiliyyətinə malik 105 mm-lik silaha təchiz olunub. Hazırda Fransa tədricən AMX-10 RC-ni “Jaguar” zirehli maşınları ilə əvəz edir.

Dekabrın sonunda “Bloomberg” mənbələri bildirmişdilər ki, ABŞ hökuməti Ukraynanı “Bradley” piyada döyüş maşınları ilə təchiz etməyi düşünür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ