Biznesmen İlon Mask tarixdə 200 milyard dollardan çox itirən ilk şəxs olub. Müvafiq hesablamaları Bloomberg təqdim edib.
Nəşrin məlumatına görə, 2021-ci ilin noyabrında Maskın sərvəti 340 milyard dollar olaraq qiymətləndirilib. Hazırda isə cəmi 137 milyarddır.
İlon Maskın aktivlərinin belə ciddi azalmasına səbəb biznesmenin sərvətinin əsasını təşkil edən “Tesla”nın kapitallaşmasının azalmasıdır. 2022-ci ildə “Tesla”nın dəyəri 1,2 trilyon dollardan 290 milyard dollara düşüb.
Xarici səbəblərdən əlavə, Maskın “Twitter”i alması da, “Tesla”nın ucuzlaşmasına səbəb olub - investorlar bazarın bu seqmentində rəqabətin artması fonunda iş adamının elektrik avtomobillərinin istehsalına daha az diqqət ayıracağından ehtiyat edirlər.
“Bloomberg”in səhm qiymətləri əsasında milyarderlərin real vaxt reytinqinə əsasən, Mask hazırda dünyanın ikinci ən zəngin adamıdır. Siyahıya “Louis Vuitton” prezidenti Bernard Arnault başçılıq edir, onun sərvəti hazırda 162 milyard dollar dəyərində qiymətləndirilir.