KXDR dronları Cənubi Koreya ərazisinə keçib

Dekabrın 26-da səhər saatlarında KXDR-dən bir neçə pilotsuz uçuş aparatı Cənubi və Şimali Koreya arasındakı demarkasiya xəttini qanunsuz keçib.

Yonhap xəbər agentliyinin məlumatına görə, pilotsuz təyyarələr sərhəddəki Qanqva adası ərazilərində, Paju, Gimpo şəhərlərində və hətta Seul ətrafında görünüb.

Cənubi Koreya hərbi komandanlığı buna cavab olaraq döyüş təyyarələri və hücum helikopterlərini havaya qaldıraraq xəbərdarlıq atəşi açıb.

Əməliyyatda həmçinin naməlum səbəbdən Seuldan 140 kilometr şərqdə, Hvenson qraflığında qəzaya uğrayan KA-1 yüngül hücum təyyarəsi də iştirak edib. Hər iki pilot qəza zamanı sağ qalıb.

Dronların müdaxiləsi Gimpo və İnçheon beynəlxalq hava limanlarında uçuşları təxminən bir saat dayandırıb.

Cənubi Koreya ərazisinə nə qədər pilotsuz uçuş aparatların hücumu və onların real hərbi təhlükə yaradıb-yaratmadığı açıqlanmır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ