ABŞ Dövlət Departamenti Ukraynaya 1,85 milyard dollarlıq yeni yardım paketi elan edib. Yardım çərçivəsində Kiyevə müasir hava hücumundan müdafiə sistemi olan “Patriot” raket kompleksləri veriləcək.
Dövlət Departamentinin katibi Entoni Blinken bildirib ki, Ukraynaya ilk dəfə qanadlı raketləri, yaxın mənzilli ballistik raketlər və xeyli hündürlükdə uçan təyyarələri vura bilən “Patriot” hava hücumundan müdafiə sistemləri göndəriləcək.
Onun sözlərinə görə, Ukrayna həmçinin dəqiq zərbələr endirmək üçün vasitələr alacaq. Daha əvvəl belə silahların tədarükü Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ilə bağlı xəbərlər fonunda media tərəfindən yayılıb.
ABŞ prezidenti Co Bayden bir milyard dollara qədər olan növbəti hərbi yardım paketinin ayrılmasına dair sənədi imzalayıb. Daha 850 milyon dollarlıq yardım Pentaqon tərəfindən veriləcək.
Beləliklə, ABŞ-ın hazırkı administrasiyasının Ukraynaya göndərdiyi hərbi yardımın ümumi məbləği 21,9 milyard dollara çatacaq.