Zorakılığa məruz qalan azərbaycanlı qadın Türkiyədə yoxa çıxıb

Türkiyədə yaşayan 43 yaşlı azərbaycanlı Elnarə Kızmaz bir aydan çoxdur itkin düşüb. Qadının öldürüldüyü ehtimal edilir. Şahidlər qadının əri Əhməd Kızmaz tərəfindən zorakılığa məruz qaldığını iddia edir: Əhməd onu döyüb, ac qoyub və başqa kişilərə “borc verib”.

Türkiyə mətbuatı yazır ki, iki uşaq anası Elnarənin bu cür rəftar nəticəsində psixoloji problemlər yaranıb. Təfərrüatlar barədə jurnalistlərə itkin düşən qadının bacısı məlumat verib. O bildirib ki, Elnarə sonuncu dəfə yaşadığı kənddən xeyli aralıda görünüb - qadın müşahidə kameralarına düşüb. 

“Biz böyük məsafədən danışırıq. Elnarənin belə bir yolu tək keçdiyinə inana bilmirəm. Məruz qaldığı zorakılıq onun psixikasını tamamilə pozub”, - deyə Elnarənin bacısı əlavə edib.

Şahidlərdən biri bildirib ki, Əhməd Kızmazın əvvəlki həyat yoldaşı da, məruz qaldığı zorakılığa görə evdən qaçıb və daha sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Əhməd özü isə bütün ittihamları rədd edib. Onun sözlərinə görə, heç yerdə işləmir, əlillik pensiyası ilə yaşayır. O Elnarənin öldürüldüyünə əmindir, amma bunun dəqiq kimin etdiyini bilmir.

Balıkəsir prokurorluğu verdiyi açıqlamada qadının axtarışı ilə bağlı istintaq başladıldığını bildirir. Qeyd olunur ki, epilepsiya xəstəliyindən əziyyət çəkən 43 yaşlı Elnarə Kızmaz sentyabrın 2-də hüquq-mühafizə orqanlarına müraciət edərək bir neçə şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib. İstintaq 3 nəfəri şübhəli şəxs qismində saxlayıb. Onlardan ikisi məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Noyabrın 22-də Əhməd Kızmaz həyat yoldaşını itirdiyini bildirib. Polis pilotsuz uçuş aparatları və itlərdən istifadə edərək axtarışa başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ