Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı “Verelq News”un erməni jurnalisti Hayk Xalatyanın suallarına adekvat cavablar verib.
Xalatyan Zaxarovaya ünvanladığı sualında Alma-Ata bəyannaməsi ilə bağlı məqama toxunub. Erməni jurnalistin iddiasına görə, guya İrəvan bəyannaməni o şərtlə imzalayıb ki, keçmiş DQMV həmin vaxt Azərbaycan SSR-in tərkibində sayılmayıb.
Bu vaxt Mariya Zaxarova erməni jurnalistin sözünü kəsib və ona Ermənistan hökumətinin rəsmi mövqeyini məhz rəsmi İrəvanın özü ilə dəqiqləşdirməyi tövsiyə edib. Rusiya XİN sözçüsü həmçinin xatırladıb ki, artıq rusiyalı nazir Sergey Lavrov Alma-Ata bəyannaməsi məsələsi ilə bağlı bütün əsas məqamları vurğulayıb.