İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri bəyan edib ki, ölkə hakimiyyəti qadınların hicab taxmasını tələb edən qanunun dəyişdirilməsi üzərində işə başlayıb.
Bu barədə “The Guardian” nəşri yazır.
“Həm parlament, həm də məhkəmə [bu məsələ üzərində] işləyir”, - deyən baş prokuror, bu orqanların qanunu necə dəyişdirəcəyini dəqiq açıqlamayıb. Onun sözlərinə görə, noyabrın 30-da bir qrup ekspert parlamentin mədəniyyət komissiyası ilə görüşüb, “bir-iki həftəyə nəticəsini görəcəyik”.
Bundan əlavə, İran hakimiyyəti hicabın məcburi geyinilməsi ilə bağlı qanuna əməl olunmasına nəzarət edən əxlaq polisini ləğv etməyə qərara alıb. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
İranda 1979-cu il İslam İnqilabından sonra hicab qadınlar üçün məcburi olub, lakin bir çox iranlı qadınlar bu tələbi görməməzliyə vururlar. 2022-ci ilin iyul ayında İran hakimiyyəti düzgün şəkildə hicab taxmadığını hesab etdiyi şəxsləri hədəf alan qanunu qəbul edib. Qadınlardan saçlarını, boyunlarını və çiyinlərini örtən baş örtüyü taxmaları tələb olunub və əxlaq polisi yeni qaydanı pozanları saxlamağa başlayıb.
Sentyabrın sonunda İranda 22 yaşlı Məhsa Əmininin hicabı “səhv” geyindiyinə görə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra polis bölməsində ölüb. Onun ölümündən sonra İranda kütləvi etirazlar başlayıb və bu günə qədər davam edir.
İran rəsmiləri etirazlar zamanı 200-ə yaxın insanın öldüyünü açıqlayıb. Hüquq müdafiəçiləri dekabrın 2-nə İranda 64-ü azyaşlı olmaqla, 469 etirazçının öldürüldüyünü bildirir. 18 mindən çox etirazçı saxlanılıb.