Bayden Putinlə nə vaxt danışıqlara hazır olacağını açıqlayıb

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaqda maraqlı olduğu təqdirdə onunla danışıqlara hazır olduğunu bildirib. 

Bayden bunu Fransa lideri Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Putin həqiqətən müharibəni bitirmək üçün bir yol tapmaqda maraqlıdırsa, mən onunla danışmağa hazıram. Hələlik mən bunu görmürəm”, - deyən Bayden yaxın gələcəkdə Rusiya prezidenti ilə təmaslar planlaşdırmadığını qeyd edib.

Baydenin sözlərinə görə, əgər Rusiya müharibəni dayandırmaqda maraqlıdırsa, o zaman ABŞ prezidenti Fransa və digər NATO müttəfiqləri ilə məsləhətləşmələrdən sonra məmnuniyyətlə danışıqlar masasına əyləşəcək.

Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini “xəstə” adlandıraraq qeyd edib ki, Putinin müharibəni bitirmək üçün yalnız bir ağlabatan yolu var - Ukraynanı “tərk etmək”. 

“Ancaq görünən odur ki, o, bunu etməyəcək. Və buna görə çox yüksək qiymət ödəyir. O inanılmaz qırğın təşkil edir”, - ABŞ prezidenti əlavə edib.

Öz növbəsində Makron bildirib ki, yaxın həftələr və aylarda Ukraynada vəziyyətin inkişafı Rusiya ilə Ukrayna arasında mümkün danışıqların vaxtı barədə söhbət açmağa imkan verəcək. 

Mətbuat konfransı zamanı Bayden və Makron həmçinin bildiriblər ki, ABŞ və Fransa Ukrayna və “dünyanın qalan hissəsi” ilə müharibəyə görə Rusiya və Putini məsuliyyətə cəlb etməkdə qərarlıdır. Hər iki ölkənin liderləri Kiyevi dəstəklədiklərini bir daha təsdiqləyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ