Ukraynanın müharibədən sonrakı bərpasına bir trilyon dollardan çox vəsait lazım olacaq.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciəti zamanı deyib.
Prezidentin sözlərinə görə, Ukraynada tərəfdaş ölkələrə regionlar, şəhərlər və ya müəssisələr üzərində “himayəçilik” etməyə imkan verən sistem hazırlanır.
“Biz artıq [bu proqrama] Fransa, Böyük Britaniya, Hollandiya, Almaniya, Danimarka, Finlandiya, İtaliya, Türkiyə, Polşa, Portuqaliya, Çexiya, Sloveniya, Latviya, Estoniya, İsveçrə, Slovakiya, Avstriya, Yunanıstan, Kanada, ABŞ, Yaponiya və Avstraliya tərəfindən maraq görürük. Bu hələ tam siyahı deyil”, - Zelenski bildirib.
2022-ci ilin yayında Ukrayna hakimiyyəti ölkənin yenidən qurulması xərclərini 750 milyard dollar qiymətləndirib. Payızda Rusiya Ukraynanın enerji sisteminə kütləvi zərbələr endirməyə başlayıb. “Ukrenerqo”nun məlumatına görə, nəticədə ölkədəki bütün əsas istilik və su elektrik stansiyaları zədələnib. Ukrayna hakimiyyətinin hesablamalarına əsasən, enerji obyektlərinə dəymiş ziyan təxminən iki milyard dollar təşkil edib.
Noyabrın 14-də BMT Baş Assambleyası müharibənin vurduğu zərərin reyestrinin yaradılmasını və Rusiyadan Ukraynaya təzminatların ödənilməsi mexanizminin işlənib hazırlanmasını nəzərdə tutan qətnamə qəbul edib. Bundan əlavə, Avropa Parlamenti Ukraynanı bərpa etmək üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinin hüquqi mexanizminin yaradılması imkanını da nəzərdən keçirir. Müxtəlif mənbələrə görə, Rusiyanın dondurulmuş vəsaitləri 300-600 milyard dollar arasında dəyişir.