"Putin qışı silah kimi istifadə etməyə çalışır" - NATO

Qarşıdan gələn soyuq mövsümlə əlaqədar Şimali Atlantika Alyansı Ukraynaya hərbi əməliyyatlarla birbaşa bağlı olmayan yanacaq, dərman, hərbçilər üçün isti avadanlıq və digər yardımların tədarükünü artırmalıdır, - bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq Buxarestdə NATO nazirlərinin iclasından əvvəl jurnalistlərə Rusiyanın raket zərbələrindən sonra elektrik enerjisinin kəsilməsini şərh edərkən deyib: “Hamınız Avropanın işıqlı, Ukraynanın qaraldığını göstərən peyk şəkillərini görmüsünüz”.

“Putin qışdan silah kimi istifadə etməyə çalışır” deyən NATO-nun baş katibi Rusiya qoşunlarının döyüş meydanlarında məğlubiyyətə uğradığını qeyd edib.

Sammitin digər iştirakçıları Ukraynanın hərbi yardımdan daha çox ehtiyac duyacağı ilə razılaşırlar. "Bu, Ukrayna üçün dəhşətli qış olacaq, ona görə də biz dəstəyimizi artırmağa çalışırıq ki, bu, davamlı olsun", - yüksək rütbəli avropalı diplomat Reuters agentliyinə bildirib.

Eyni zamanda, NATO-ya üzv ölkələr Ukraynaya silah tədarükünün artırılması ilə bağlı razılığa gəlməyə hazırlaşır. “Gələcək aylar hamımız üçün böyük sınaq olacaq. Ukrayna üçün bu, ekzistensial, bizim üçün isə mənəvi sualdır. Biz Ukraynaya lazım olduğu qədər kömək etməyə davam etməliyik”, - deyə Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ