Zelenski: Krımsız müharibəni bitirmək mümkün deyil - Moskvanın cavabı

Ukrayna bütün ərazilərini, o cümlədən Krımı qaytarmağa hazırlaşır. Ukrayna prezidenti Vladimir Zelenski “Financial Times” nəşrinə müsahibəsində bəyan edib ki, Rusiya ilə müharibənin başqa şərtlərlə başa çatdırılması nəzərdə tutulmur.

Zelenski izah edib ki, Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan uzunmüddətli sülh mümkün deyil. 

“Biz bütün torpaqları geri qaytarmalıyıq, mən hesab edirəm ki, diplomatiya olmayanda müharibə olur. Torpaqlarınızı tam olaraq geri ala bilmirsinizsə, münaqişə sadəcə donmuş vəziyyətdə qalır. Və döyüşlərin nə vaxt bərpa olunacağı an məsələsidir”, - deyə Ukrayna dövlət başçısı bildirib.

Zelenski Krım probleminin beynəlxalq gündəmdə olduğunu təsdiqləyib. Qərb ölkələri narahatdır ki, Ukraynanın yarımadanı geri qaytarmaq cəhdi daha da artacaq və Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə etmək qərarına gələcək. Zelenski qeyd edib ki, o, bu narahatlığı anlayır və Krımın qeyri-hərbi yolla Ukraynaya qaytarılmasının “yalnız lehinə olacaq”.

Ukrayna lideri həmçinin Rusiyanın ölkənin mülki infrastrukturuna kütləvi zərbələr endirməsinə baxmayaraq, Ukraynanın dözəcəyinə və belə qəddar strategiyanın ordunun bütün işğal olunmuş əraziləri azad etmək əzmini zəiflətməyəcəyinə əminliyini ifadə edib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Kiyevin Krımı “qeyri-hərbi yollarla” qaytarmaq istəyi ilə bağlı bəyanatını şərh edərkən deyib ki, Moskva bunu Rusiyanın ərazilərinin özgəninkiləşdirilməsi ilə bağlı müzakirə kimi qəbul edir. Onun fikrincə, bu cür bəyanatlar “bir daha Ukrayna tərəfinin problemi qeyri-hərbi yollarla həll etməyə hazır olmaq istəmədiyini və bacarmadığını göstərir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ