Cəbhədən qaçan rusiyalı hərbçi ukraynalıları necə zorladıqlarını danışdı

Buçada cinayət törətməkdə ittiham olunan Rusiya ordusunun 64-cü motoatıcı briqadanın hərbi qulluqçusu Nikita Çibrin cəbhədən qaçaraq, şahidi olduğu müharibənin dəhşətlərini müxalifət mediasına danışıb.

“Mən dəqiq bilirəm ki, talan faktları olub. Lipovkada, Andreevkada avtomobillərin necə aparıldığını gördüm, işləməyən maşınları necə sındırdıqlarını, evləri dağıtdıqlarını gördüm. Deyəsən, dəli olublar, deyirlər, gücümüz var, tankımız var, piyada döyüş maşınımız, silahımız var və s. “Rembo sindromu” işə düşmüşdü. Evlərdən mobil cihazlar və bəzək əşyalarını götürürdülər”.

Çibrin Andreevkada rusiyalı əsgərlər tərəfindən qadınların zorlanması faktını da təsdiqləyib.

“Onlar belə şeylərə görə dəli olurdular. Çoxları evlərdə spirtli içki tapıb içirdilər. Andreevkada ana və qızın zorlanması hadisəsi olub. Dörd oğlan bunu edib. Biri qaçdı, digərləri həmkarları və komandirləri tərəfindən döyüldülər. Onları güllələmək istəyirdilər. Heç bir sübut olmadığı üçün onları günahlandırmaq olmazdı, buna görə sadəcə tərxis etdilər”.

Hərbi qulluqçu həmçinin bildirib ki, cəbhədə rusiyalı əsgərlər dəhşətli vəziyyətdədir.

“İnsanlar uzun müddətdir normal dünya görmürlər. Onların normal şəraiti yoxdur. Ukrayna ordusu hər şeyin yaxşı vəziyyətdə olduğu səngərlərin kadrlarını paylaşıb: sığınacaq, rütubətdən təcrid, normal çarpayılar, işıq. Ukrayna ordusu öz əsgərlərinə daha yaxşı münasibət bəsləyir”.

Çibrinin sözlərinə görə, komandanlıq cəbhəni tərk etmək istəyənlərə və ya əsir düşənlərə fiziki və psixoloji təzyiq göstərir.

O əlavə edib ki, cəbhəyə getməməsi üçün özünü dəli kimi aparıb. Fərarilik edib atəş açmadığı üçün ailəsi də daxil olmaqla, hamı ondan üz döndərib.

“Onlar üçün mən Vətən xainiyəm və bu qədər. Bəs, mən müharibəyə gedib Ukraynanın dinc sakinlərini öldürməliydim? Həbsxanaya getmək? Üçüncü seçim - sadəcə qaçmaqdır”.

Çibrin beynəlxalq məhkəmədə ifadə vermək istədiyini deyib: 

“Gizlədəcək heç nəyim yoxdur. Bu, Rusiyanın başladığı cinayət müharibəsidir. Mən bunu başa çatdırmaq üçün əlimdən gələni etmək istəyirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ