Rusiyada İran dronları istehsal olunacaq

Rusiya və İran nümayəndələri yüzlərlə İran pilotsuz təyyarəsinin Rusiya ərazisində istehsalına dair razılığa gəliblər. Bu barədə “The Washington Post” qəzeti ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin məlumatlarına istinadən yazıb.

Üç mənbənin məlumatına görə, Rusiya Federasiyası və İran nümayəndələri noyabrın əvvəlində Tehranda keçirilən görüşdə belə bir razılaşma əldə ediblər. İndi İran tərəfi layihələri və əsas komponentləri Rusiyaya ötürməyə hazırlaşır. Nəşrin məlumatına görə, bir neçə ay ərzində Rusiyada birgə istehsal qurulacaq.

ABŞ kəşfiyyatının “The Washington Post”a istinadən verdiyi məlumata görə, avqust ayından bəri Rusiya Ukraynada İran istehsalı olan 400-dən çox döyüş pilotsuz təyyarəsindən istifadə edib. Qəzet qeyd edir ki, onların bir çoxu mülki infrastruktura zərbələr endirmək üçün istifadə olunub.

İran və Rusiya bir neçə aydır ki, İran istehsalı olan PUA-ları Ukraynadakı döyüşlərdə istifadə edildiyini təkzib ediblər. Noyabrın əvvəlində İran Xarici İşlər Nazirliyi ilk dəfə Rusiyaya “az” sayda PUA çatdırılmasını təsdiqləsə də, bunun Ukraynanın işğalından əvvəl baş verdiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ