Təbrizdə etirazlarda tibb fakültəsinin tələbəsi öldürüldü

Təbrizdə etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb.

O, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıb. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib.

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma kəndinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq edilib. 

ABŞ-dan olan politoloq Maykl Doran da öz tviter hesabında İranda etiraz aksiyaları zamanı öldürülən Aylar Həqqinin dəfn mərasimindən görüntülər paylaşıb.

“İranın Azərbaycan-türk hissəsinin qeyri-rəsmi paytaxtı olan Təbrizdə bu gün Aylar Həqqi üçün böyük dəfn mərasimi keçirilib. İran təhlükəsizlik qüvvələri onu öldürdükdən sonra qazıntı sahəsinə yıxılaraq öldüyünü iddia edirdilər”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, etirazlar başlayandan noyabr ayının 16-dək İranda  öldürülənlərin sayı 362 nəfərə çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ