Yüzlərlə işçi sosial şəbəkənin yeni rəhbəri İlon Maskın tələblərinə uyğun olaraq işi davam etdirməkdən imtina etdikdən sonra “Twitter”in ofisləri qəfil bağlanıb.
Vəziyyətlə tanış olan mənbədən bildirilib ki, bu addım sosial şəbəkə daxilində fiziki təxribatın qarşısını almaq məqsədi daşıyır.
Bağlanma Maskın işçi təklifi üçün son tarix bitdikdən təxminən bir saat sonra baş verib. Əməkdaşlar milyarderin yeni “son dərəcə sərt” planları üzərində işləmək və ya şirkətdən çıxmaq barədə qərar verməli idilər. Maskın ultimatumunun dərcindən sonra işçilərin yarısından azı şirkətdə qalmaq qərarına gəlib. İşdən çıxmaq üçün ərizə yazanların dəqiq sayı açıqlanmasa da, onların yüzlərlə olduğu deyilir.
Bununla belə, qalan işçilərdən də ofisləri tərk etmək tələb olunub. Ehtimallara görə, onlar noyabrın 21-i, bazar ertəsi işə qayıda biləcəklər.
“Hər bir işçinin, həmçinin “Twitter” sistemlərinin və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ofislərimiz müvəqqəti bağlanacaq, keçid dayandırılacaq”, - deyə şirkətin işçilərə ünvanladığı məktublarda bildirilib.