Əsl müharibəni uduzduq - Rusiya elitası ordunun uğursuzluqları barədə

Prezident administrasiyasına (PA) və Rusiya Federasiyası hökumətinə yaxın mənbələr “Meduza”ya bildiriblər ki, Xersondan geri çəkilmək “Rusiya elitaları” üçün “çox ağrılı hadisədir”.

Vladimir Putinin “çevrəsindən” olan sahibkarlara yaxın həmsöhbət daha sərt danışıb:

“Bizim əsl müharibəni uduzduğumuz anladıq. İnsanlar necə yaşayacaqları, gələcəkdə hansı yeri tutacaqları, nə oynayacaqları barədə düşünməyə başlayırlar. [Bir tərəfdən] revanşist hisslər olacaq. Digər tərəfdən, normallaşma və sabitləşmə tələbi olacaq”.

PA-nın siyasi blokunda vəziyyət bir az daha optimistdir. Nəşrin həmsöhbətlərindən biri belə izah edib: Kreml hələ də Qərbdə ucuz enerji ehtiyacına görə “Ukraynaya dəstək konsensusunun dağılacağına” ümid edir.

Kremlin digər ümidi Ukraynanın özündə siyasi vəziyyətin kəskin dəyişməsi və Volodimir Zelenskinin istefasıdır. Bu cür hadisələrin gözləntilərinin nəyə əsaslandığı bilinmir.

Bundan əlavə, Kreml hesab edir ki, bir neçə aydan sonra Rusiya ordusu səfərbərlik hesabına daha hazırlıqlı olacaq və cəbhədəki vəziyyəti öz xeyrinə çevirəcək.

Eyni zamanda, nəşrin həmsöhbətlərinin sözlərinə görə, Prezident Administrasiyası qeyd edib ki, “elitalardan” fərqli olaraq, Xersondan geri çəkilmə əksər rusiyalıların əhval-ruhiyyəsinə heç bir təsir göstərməyib:

Cəmiyyət bunu demək olar ki, hiss etmir, onun üçün maraqlı deyil. Xersonun birləşdirilməsini “təbliğ etməyə” vaxtı yox idi. Səfərbərliyin elan edilməsi səbəbindən, insanların başı qarışdı və Xerson yaddan çıxdı. Buna görə də onu tərk etmək lazım olduğuna dair rəsmi izahatları asanlıqla qəbul etdilər.

Müstəqil sosioloji tədqiqatların məlumatları bu tezisləri təsdiqləyir.

Regional hökumətlərdən birində yüksək vəzifəli məmur izah edib ki, onun bölgəsi “Xersondan uzaqdır” və burada “həyat davam edir”. Eyni zamanda, regional siyasətçilər və iş adamları arasında olan mənbələr Kremlin müharibənin gedişatını çevirə biləcəyinə inanmır.

“Vahid Rusiya”nın regional bölmələrindən birində olan məmur bunları deyir:

“Xersonda baş verənlər dövlətdəki özbaşınalığın nəticəsi kimi qəbul edilir”.

Digər bir bölgə rəsmisi etiraf edib ki, onun çevrəsində “özgə müharibəsi hissi yaranmağa başlayıb”:

Əvvəllər “xüsusi əməliyyat” bəlkə də qürur doğuran bir hiss idi. Xüsusən də rəsmi məlumatlardan başqa heç nə ilə maraqlanmamısınızsa. Səfərbərlikdən sonra bu, həyatın bir hissəsidir, lakin heç kim sizdən bu qərarlar barədə soruşmur... Orada döyüşürlər, lakin bu, bizə təsir edir.

Bu cür hisslər həm prezident administrasiyasına, həm də hökumətə təsir edir. Mənbələr etiraf ediblər ki, daimi hərbi məğlubiyyətlər fonunda onlar “ölkənin ali rəhbərliyinin ictimaiyyətə qapalı qalmasından” daha da narahat olublar.

“Biz heç nəyə təşəbbüs göstərmirik, həm Ukrayna, həm də Qərb xəbərlərindən çox şey öyrənirik. Görünür, biz daim güzəştə gedirik və hələ də bunu gizlətməyə çalışırıq”, - deyə hökumətə yaxın bir mənbə izah edib və əlavə edib ki, Kremlin “taxıl sövdələşməsində” addımlarını başa düşmək olmur.

Meduza-nın daha əvvəl xəbər verdiyi kimi, müharibə zamanı Rusiyanın yüksək səviyyəli məmurları arasında “sükut partiyası” yaradılıb. Onun nümayəndələri “ali rəhbərliyin” müharibə ilə bağlı müəyyən göstərişlərini vicdanla yerinə yetirməyə üstünlük verirlər, lakin açıq şəkildə militarist çıxışlar etmirlər. Иu partiyanın nümayəndələri kimi baş nazir Mixail Mişustin və Moskva meri Sergey Sobyaninin adları qeyd edilir.

Lakin mənbələrin bildirdiyinə görə, bütün narazılıqlara baxmayaraq, Rusiya rəsmiləri və iş adamları Putinə qarşı hər hansı addım atmaq niyyətində deyillər: “Sadəcə, bütün bunların tezliklə bitməsini istəyirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ