Noyabrın 14-də Xersonun azad edilməsindən qısa müddət sonra şəhərə səfər edən Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Xerson vilayətində Rusiya ordusu “ölkənin işğal etdiyi digər bölgələrdə olduğu kimi eyni vəhşiliklər törədib”. Zelenskinin sözlərinə görə, Ukrayna müstəntiqləri 400-dən çox hərbi cinayəti sənədləşdirib. “The Washington Post” qəzetinin jurnalistləri işğal zamanı şəhərdə baş verənləri danışan Xerson sakinləri ilə söhbət ediblər.
Yerli sakinlərin sözlərinə görə, Xersonda Rusiya hərbçiləri məhbuslara işgəncə vermək üçün uşaq həbsxanasından istifadə ediblər. Həbsxana ilə üzbəüz yaşayan 48 yaşlı Sergey “Yer üzündə cəhənnəm varsa, o da burada idi” deyə həmin yeri təsvir edir.
Hadisə şahidləri bildiriblər ki, həbsxananın boz rəngli üçmərtəbəli binasına gecə-gündüz maşınlar gəlib, oradan başlarına torba ilə adamlar çıxarılıb. Bir müddət sonra Rusiya hərbçiləri onların bəzilərini döydükdən sonra sərbəst buraxıblar, digərlərini isə başqa həbsxanalara köçürüblər. Bu insanların sonrakı taleyi barədə məlumat yoxdur.
Rusiyalılar ukraynalıları “səhv” sözlər və geyimlərdən tutmuş döymələrə qədər hər “nöqsana” görə saxlayıblar. “Onlar çata bildikləri hər kəsi tuturdular: partizanları, fəalları, hər kəsi”, - yerli sakin Larisa deyir.
Hələlik həbslərin miqyasını dəqiq qiymətləndirmək mümkün deyil, lakin Xerson Regional Şurasının rəhbəri Aleksandr Samoylenko hesab edir ki, söhbət minlərlə məhbusdan gedir.
“Hər gün Rusiyanın işgəncə kameralarında 600 nəfər olurdu. Bir çox insan itkin düşüb. Bu dəhşət idi”, - o deyib.
Samoylenkonun sözlərinə görə, o, Xersonun Rusiya hərbçilərinin çoxsaylı cinayətlərinə dair sübutların tapıldığı Buça, İrpen və İzyum kimi şəhərlərdən birinə çevrilə biləcəyindən ehtiyat edir.
Əsirlikdən sağ çıxanlardan biri, 64 yaşlı Aleksandr Kuzmin bildirib ki, həbsxanada FTX əməkdaşları onun ayağını çəkiclə sındırıblar. Kamerada olarkən digər insanların qışqırtılarını eşidib. Qonşu evlərin sakinləri həbsxanada məhbuslara işgəncə verildiyini eşitdiklərini təsdiqləyiblər: “İşgəncələri, qışqırıqları hamı eşidirdi”.
Kuzmin jurnalistlərə yerli sakinlərə qrivna almağa kömək etdiyinə görə saxlanılan kamera yoldaşından danışıb. Rusiyalılar onun sinəsinə və cinsiyyət orqanına naqillər taxaraq elektrik cərəyanı ilə işgəncə veriblər.
“Washington Post”un məqaləsində də, məhbusların qətli ilə bağlı sübutlar yer alıb. 35 yaşlı Andrey ən azı bir belə hadisədən xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya hərbçiləri diz çökməkdən imtina edən şəxsi güllələyiblər.
“Onun cəsədini 24 saat kamerada saxladılar”, - Andrey deyib. Digər şahidlər bildiriblər ki, hərbçilər insanları həyətə aparıb, orada onlara atəş açıblar.
Rusiya hərbçilərinin necə əyləndiyini yerli sakinlər də görüblər. Onlar yaxınlıqdakı mağazalardan spirtli içki alıb, fahişələri həbsxanaya gətiriblər. Keçmiş məhbusların sözlərinə görə, rusiyalılar binada atəş açırdılar, hətta əl qumbaraları da atırdılar.
“Biz onları öldürməyi çox istəyirdik, amma gülümsəməli olduq, çünki bilirdik ki, bir səhv sözə görə işgəncə həbsxanasına aparıla bilərdik”, - Xerson sakini Sergey deyir.