Lavrov “G20” sammitində Zelenskinin çıxışına qulaq asıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Volodimir Zelenskinin virtual çıxışı zamanı “G20” sammitində iclas zalını tərk etməyib.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri çıxışından sonra Zelenskinin irəli sürdüyü tələblərin əsassız olduğunu bəyan edib.

Bundan əlavə, “G20” iştirakçıları Rusiyanın Ukraynada “nasistlərlə mübarizə apardığını” bir daha bəyan edən Lavrovun özünün çıxışını boykot etməyiblər.

“G20”də çıxış edən Ukrayna prezidenti Rusiyanı ərazi suverenliyini pozmaqda ittiham edib və yeni Minsk razılaşmalarının mümkünsüzlüyünü bəyan edib. Zelenski Ukrayna ilə bağlı “sülh düsturunda” digər məsələlərlə yanaşı, enerji və ərzaq təhlükəsizliyi, qoşunların çıxarılması, Ukraynanın ərazi bütövlüyünün bərpası, bütün məhbusların azad edilməsi, gərginliyin daha da artmasının qarşısının alınması və münaqişənin sonunun müəyyənləşdirilməsini sadalayıb.

“G20” sammiti 15-16 noyabrda Balidə keçirilir. Kyodo agentliyinin məlumatına görə, ABŞ və Avropa liderlərinin Lavrovla şəkil çəkdirməkdən imtina etmələri səbəbindən sammitin təşkilatçıları qrup şəklini ləğv ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ