General Muradovun səhvinə görə yüzlərlə Rusiya hərbçisi öldü

Oktyabrın sonunda Rusiya tərəfindən işğal olunmuş Donetsk vilayətinin Pavlovka kəndi yaxınlığında şiddətli döyüşlər başlayıb. Noyabrın 5-də Rusiya Müdafiə Nazirliyi Cənubi-Donetsk istiqamətində “Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məğlub edilməsi” barədə məlumat verib, lakin elə ertəsi gün Rusiya “hərbi müxbirlərinin” Teleqram kanallarında Rusiya Sakit Okean Donanmasının 155-ci briqadasının dəniz piyadalarının müraciəti yayılıb. Onlar dörd gün ərzində təxminən 300 nəfər şəxsi heyət və hərbi texnikanın yarısını itirdiklərini bildiriblər. Müraciət müəllifləri Primorye qubernatoru Oleq Kojemyakodan hazırlıqsız hücuma və əsgərlər arasında yüksək itkilərə görə məsul olan zabitlərin hərəkətlərinin müstəqil yoxlanışa cəlb olunmasını xahiş ediblər.

Noyabrın 6-da hərbi müxbir Aleksandr Sladkov öz Teleqram kanalında 155-ci briqadanın dəniz piyadalarının Pavlovka kəndinə hücumu nəticəsində şəxsi heyət və texnikada böyük “lazımsız” itkilər verdiyini açıqlayıb. O yazıb ki, hərbçilər Primorye qubernatoru Oleq Kojemyakoya itkilər barədə məlumatı yüksək komandanlığa çatdırmaq xahişi ilə müraciət ediblər ki, “vəziyyəti təcili təhlil etmək” üçün yerində komissiya təşkil edilsin.

Daha sonra “Vagner” özəl hərbi şirkəti ilə əlaqəli olan Grey Zone Teleqram kanalı dəniz piyadalarının müraciətini dərc edib. Müraciətdə deyilir ki, general Muradovun Baş Qərargah rəisi Valeri Gerasimovun qarşısında “bonus qazanması” və onun dostu Əhmədovun Rusiya Qəhrəmanı adını alması üçün əsgərləri “lazımsız” hücuma atıblar. Yəqin ki, söhbət Şərq Hərbi Dairəsinin yeni komandiri Rüstəm Muradov və 155-ci briqadanın komandiri Zurab Əhmədovdan gedir.

Müraciət müəlliflərinin sözlərinə görə, hücum nəticəsində 155-ci briqada 4 gün ərzində hərbi texnikasının yarısını itirib, 300-ə yaxın insan həlak olub, yaralanıb və itkin düşüb. Hərbçilər vurğulayıblar ki, bunlar yalnız onların briqadası üçün olan məlumatlardır və ümumi itkilər daha da çox ola bilər.

Dəniz piyadaları həmçinin bildiriblər ki, zabitlər Ukrayna Silahlı Qüvvələrinin mövqelərini “yan keçərək” Pavlovkanı ələ keçirməli idilər, lakin nəticədə özləri “atəş torbasına” düşüblər. Eyni zamanda, 155-ci briqadanın döyüşçüləri iddia edirlər ki, rayon komandanlığı hazırlıqsız hücuma görə məsuliyyətdən qorxaraq, itkilər haqqında rəsmi məlumatları “gizlədir”.

“Biz [qubernatordan] Ali Baş Komandana müraciət etməyi xahiş edirik ki, Muradovun hərəkətlərini araşdırmaq üçün müstəqil komissiya göndərsin. Qoy onlardan belə hərəkətlərin məqsədi soruşulsun”, - deyə müraciət müəllifləri yazıblar.

Primorye qubernatoru Oleq Kojemyako cavabında bildirib ki, o, dəniz piyadalarının komandirləri ilə əlaqə saxlayıb - onlar Pavlovka ərazisində ağır döyüşlərin getdiyini təsdiqləyiblər, lakin komandirlər hərbçilərin itkilər barədə hesabatını “yalan” adlandırıblar. Qubernator qeyd edib ki, 155-ci briqada döyüşçülərinin müraciətini hərbi prokurorluğa ötürüb ki, “bu halların hər biri ilə bağlı müəyyən təhlil aparılsın”. Bu, qubernatorun dəniz piyadalarının bəyanatına ikinci cavabıdır – birincidə Kojemyako hərbçilərin mesajının “Ukrayna xüsusi xidmət orqanlarının məlumatı” ola biləcəyini təxmin edib.

Rusiya Müdafiə Nazirliyi 155-ci briqadanın 10 gündən artıq müddətdə itkilərinin döyüş gücünün 1%-dən çox olmadığını bildirib və əlavə edib ki, hərbi qulluqçular “döyüş tapşırığı tam başa çatana qədər təyin olunmuş məsuliyyət zonasında hücumu davam etdirirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ