ABŞ administrasiyası Ukrayna hakimiyyətindən Rusiya ilə danışıqlara hazır olduqlarını açıq şəkildə nümayiş etdirməyi xahiş edib/
Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən yazıb.
Birləşmiş Ştatlar həmçinin Ukraynadan Rusiya Federasiyası ilə yalnız Vladimir Putin hakimiyyətdən getdikdən sonra danışmaq mümkün olacağına dair ictimai mövqeyindən əl çəkməsinə çağırıb.
ABŞ rəsmiləri ukraynalı həmkarlarının Putinin danışıqlara ciddi yanaşmaması ilə bağlı fikirlərini bölüşsələr də, etiraf ediblər ki, Volodimir Zelenskinin onunla danışıqlara qadağası ərzaq və yanacağın qiyməti kəskin şəkildə bahalaşan Avropa, Afrika və Latın Amerikasının bəzi bölgələrində iğtişaşlara səbəb olub.
Volodimir Zelenski oktyabrın əvvəlində, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini rəsmən ilhaq etməsindən az sonra “Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü” haqqında fərman imzalayıb. Zelenski daha əvvəl deyib ki, Rusiya Federasiyasının belə bir addımı Kiyevin danışıqlardan çıxmasına səbəb olacaq.
Rusiya Federasiyasının hakimiyyət orqanları, o cümlədən Vladimir Putin mütəmadi olaraq danışıqlara hazır olduqlarını bəyan edirlər, lakin bu danışıqlarda ilhaq edilmiş torpaqların taleyi müzakirə edilməməlidir. Meduza mənbələrinin məlumatına görə, Rusiya hakimiyyəti atəşkəsə nail olmaq və sakitlikdən istifadə edərək 2023-cü ilin fevral-mart aylarında yeni hücuma hazırlaşmaq istəyir.