Noyabrın 1-də Şimali Koreya ballistik raketlər də daxil olmaqla müxtəlif tipli 10 raketin buraxılışını həyata keçirib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Cənubi Koreya rəsmiləri bildiriblər ki, KXDR Yapon dənizinə və Sarı dənizə doğru üç ballistik raket atıb. Qeyd edilir ki, raketlərdən biri Cənubi Koreya ilə faktiki dəniz sərhədini keçib və Ullenqdo adasından 167 kilometr aralıda düşüb.
Daha bir ballistik raket Cənubi Koreyanın şimal-şərqindəki Sokço şəhərindən 57 kilometr, üçüncüsü isə KXDR və Cənubi Koreyanın mübahisə etdiyi şimal sərhəd xəttindən Sarı dənizə 26 kilometr aralıda düşüb.
“Yonhap” agentliyi yazır ki, bu, 70 ildən artıq müddətdə ilk dəfədir ki, KXDR Cənubi Koreyanın ərazi sularına yaxın məsafəyə raket atıb.
Cənubi Koreya hakimiyyəti raket buraxılışlarını pisləyib və KXDR-i ərazi işğalında ittiham edib. Buna cavab olaraq Cənubi Koreya döyüş təyyarələri sərhəd xəttinin şimalına dənizə doğru üç hava-yer tipli raket buraxıb.