Oktyabrın 31-i səhər saatlarında Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib. Ukrayna mənbələri Kiyev, Dnepropetrovsk, Zaporojye, Kirovoqrad və ölkənin digər vilayətlərində partlayışların baş verdiyini bildiriblər.
Kiyev, Poltava və Vinnitsa bölgələrində hava hücumundan müdafiə sistemi işə düşüb. Yerli hakimiyyət orqanları Zaporojye və Çerkassı vilayətlərində, həmçinin Kiyev və Xarkovda kritik infrastrukturun vurulduğunu bəyan ediblər.
Mer Vitali Kliçko bildirib ki, zərbələr nəticəsində Kiyevin bir hissəsi işıqsız qalıb, şəhərin bir neçə rayonunda su təchizatı yoxdur. BBC müxbirinin sözlərinə görə, Kiyevdə “çoxlu partlayış” səsləri eşidilib, bundan sonra şəhərdə nəinki elektrik enerjisi kəsilib, hətta rabitə də itib. Xarkovda zərbələrdən sonra metronun fəaliyyəti dayandırılıb.
Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak ölkənin yeni kütləvi atəşə tutulmasını şərh edərkən bildirib ki, rusiyalılar “dinc hədəflərə qarşı mübarizəni davam etdirirlər”. “Biz dözəcəyik və onların davranışı isə bütün nəsillərinə baha başa gələcək. Biz arxada və cəbhədə işimizi davam etdiririk”, - deyə o əlavə edib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ərazilərinə kütləvi zərbə endirilməsi ilə bağlı hələlik şərh verməyib.