Nə qədər ki, nüvə silahı var, ondan istifadə təhlükəsi həmişə var. Bu fikri Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında dünyanın həqiqətən də nüvə müharibəsi astanasında olması ilə bağlı suala cavab verərkən deyib.
Dövlət başçısının sözlərinə görə, bu gün nüvə müharibəsi təhlükəsi və nüvə silahından istifadə imkanları ətrafında “hay-küy” salmaqda məqsəd çox primitivdir.
“Bunun nə olduğunu desəm, çətin ki, yanılmaram. Artıq dedim ki, Qərb ölkələrinin bu diktəsi, onların beynəlxalq ünsiyyətin bütün iştirakçılarına, o cümlədən neytral və ya dost ölkələrə təzyiq göstərmək cəhdidir. Onlar dostlarımızı və ya neytral dövlətləri Rusiyaya qarşı çıxmağa inandırmaq üçün əlavə arqumentlər axtarırlar”, - deyə Putin bildirib.
Rusiya lideri hesab edir ki, nüvə silahı ilə təxribatlar və vəziyyətin gərginləşdirilməsi məhz bu məqsədlərə çatmaq üçün - Moskvanın müttəfiqlərinə təsir göstərmək üçün istifadə olunur. Putin həmçinin bildirib ki, Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsinə ehtiyac yoxdur. Onun fikrincə, bunun heç bir siyasi və hərbi mənası yoxdur.