Rusiya ABŞ-ın hazırladığı əfqan xüsusi təyinatlılarını müharibəyə cəlb edir

Rusiyanın “Vaqner” qrupu Ukraynadakı müharibə üçün amerikalı təlimatçılar tərəfindən təlim keçmiş və Taliban hakimiyyətə gəldikdən sonra işsiz qalan Əfqanıstan ordusunun elit xüsusi təyinatlılarını cəlb edir.

Bu barədə “Foreign Policy” keçmiş xüsusi təyinatlıların özlərindən olan mənbələrə istinadən yazır.

Qəzetin qeyd etdiyi kimi, 2021-ci ilin avqustunda Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdə, Birləşmiş Ştatlar yalnız bir neçə yüz yüksək rütbəli xüsusi təyinatlı zabiti təxliyə edib və 20-30 min döyüşçü faktiki olaraq öz başına qalıb.

Taliban ABŞ və əvvəlki Əfqanıstan hökuməti ilə əməkdaşlıq edən hərbçiləri “ovlayaraq” öldürdüyü üçün onlar qonşu ölkələrə qaçmalı və ya gizlənməli olublar.

“Foreign Policy” mənbələri hesab edir ki, 10 minə qədər əfqan xüsusi təyinatlısı “Vaqner” qrupuna qoşula bilər, çünki onların “itirəcək heç nələri yoxdur”, baxmayaraq ki, onların çoxu hakimiyyəti Taliban rejimi ilə əlaqələr quran Rusiyanı Əfqanıstanın düşməni hesab edir.

“Onlar Pakistanda və ya İranda gündə 3-4 dollara, Türkiyədə isə 10 dollara işləməyə hazırdırlar. Əgər “Vaqner” və ya başqası belə bir adamın yanına gəlsə və ona 1000 dollar təklif etsə, o, yenidən döyüşməkdən imtina etməz. Birini işə götürsəniz, köhnə bölməsinin yarısını özü ilə gətirə bilər”.

“Foreign Policy” qeyd edir ki, Əfqanıstan təhlükəsizlik qüvvələri ABŞ-ın geri çəkilməsindən bir neçə həftə sonra ölkəni Talibana təslim etməklə öz səriştəsizliyini nümayiş etdirsə də, xüsusi təyinatlıların əsgərləri həmişə yaxşı peşəkarlar hesab ediliblər, çünki onlara elit bölmələrin təlimatçıları - amerikalılar təlim keçiblər. Nəşrin mənbələrindən biri etiraf edib ki, Ukraynada döyüş meydanında əfqanların görünməsi “oyunu dəyişdirən” amil ola bilər.

“Yaxşı olardı ki, onlardan Qərb müttəfiqləri istifadə etsinlər ki, əfqanlar ukraynalıların tərəfində vuruşsunlar. Onlar rusiyalılar üçün döyüşmək istəmirlər, rusiyalılar düşməndir. Ancaq başqa nə edə bilərlər?”, – deyə nəşrin digər mənbəsi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ