Putinə müharibədəki səhvlərini birbaşa göstərən şəxsin kimliyi açıqlandı

Oktyabrın əvvəlində “The Washington Post” Amerika kəşfiyyatının əldə etdiyi məlumatlara istinadən yazıb ki, Rusiya Federasiyası prezidentinin ətrafı arasında Ukraynadakı müharibədə yol verilən səhvlər barədə birbaşa Vladimir Putinə məlumat verən bir şəxs var. Daha sonra kəşfiyyat hesabatında prezidentin tənqidinə yol verən Putinin yaxın adamının adının çəkildiyi, lakin jurnalistlərə məlum olmadığı bildirilib.

“The Washington Post” kəşfiyyat hesabatında kimin adının çəkildiyini öyrənə bilib. ABŞ hökumətindəki hesabatla tanış olan mənbə nəşrə bildirib ki, bu, “Vaqner” şirkətinin təsisçisi, biznesmen Yevgeni Priqojindir.

Nəşrin mənbəsinin məlumatına görə, Priqojin Rusiya Müdafiə Nazirliyinin “Vaqner” hərbi şirkətinə həddən artıq çox öhdəliklər qoymasından, eyni zamanda özəl hərbi şirkətin öz vəzifələrini yerinə yetirə bilməsini təmin etmək üçün kifayət qədər maliyyə və maddi resurslar ayırmamasından narazılığını bildirib.

“The Washington Post”un mənbəsi onu da qeyd edir ki, sosial şəbəkələrdə “Vaqner”in döyüşçülərinin ərzaq və təchizat çatışmazlığından şikayətləndiyi video yayılıb. Mənbə bildirib ki, video çox güman ki, Kremli muzdlular üçün daha çox vəsait ayırmağa məcbur etmək üçün hazırlanıb.

Yevgeni Priqojin “Konkord” şirkətinin mətbuat xidməti vasitəsilə “The Washington Post”a deyib ki, o, Putinlə “bu yaxınlarda” şəxsən əlaqə saxlamayıb, həmçinin Rusiya Silahlı Qüvvələrinin rəhbərliyini tənqid etməyib. Priqojin həmçinin “Vaqner” şirkətinin döyüşçülərinin qida və təchizat çatışmazlığından şikayətləndiyi videonu görmədiyini söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ