Rüşvətə görə işdən çıxarılan məktəb direktoruna vəzifə verilməyib

Yenilənmə

Sumqayıtda işdən azad olunmuş məktəb direktoruna başqa vəzifə verilməyib.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə səs yazısı yayılmış İbrahimova Esmira Famil qızının məktəb direktoru vəzifəsindən azad edilərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinə metodist vəzifəsinə təyin edilməsi haqqında deyilənlər həqiqəti əks etdirmir:

“Belə ki, adı çəkilən şəxs 2012-ci ildən keçmiş Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində çalışır. Həmçinin E.İbrahimova bir neçə il öncə vakant olan Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən müvəqqəti direktor əvəzi vəzifəsinə təyin edilib. Bu müddət ərzində həmin məktəbin direktor vəzifəsi müntəzəm olaraq direktorların işə qəbulu müsabiqəsinə vakant yer kimi elan edilib, lakin vəzifə tutulmadığından E.İbrahimova direktor səlahiyyətlərinin müvəqqəti icrasını davam etdirib.

Cari ilin sentyabr ayında məlum səs yazısı aşkara çıxdıqdan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb və 19.09.2022-ci il tarixli K-239 nömrəli əmrlə direktor vəzifəsinin həvaləsi E.İbrahimovadan götürülüb. Eləcə də məsələ ilə əlaqədar şəhər prokurorluğunda araşdırma başlanılıb. Araşdırmanın nəticəsinə əsasən, E.İbrahimova barəsində müvafiq tədbir görüləcək”.

13:25

Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır.

“Trend” xəbər verir ki, eks-direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı vatsap qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb etmişdi. Orta məktəbin təmiri bəhanəsi pul tələb edən direktor səs yazısında, həmçinin müəllimləri əməkhaqlarından pul tutulacağı ilə hədələmişdi. Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılmış və direktor vəzifəsindən azad edilmişdi. Eyni zamanda faktla bağlı Baş Prokurorluqda da araşdırma başlanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ