DİN-dən Bayram Məmmədovla bağlı - AÇIQLAMA

Daxili İşlər Nazirliyi 30 sutka cəza alaraq nazirliyin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan Bayram Məmmədova işgəncə verilməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 

Buta.media-nın məlumatına görə, DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, döyülmə nəticəsində B.Məmmədovda başgicəllənmə və qusmalar olması ilə bağlı xəbər əsassızdır. 

Onu sözlərinə görə, müxalifyönlü təşkilatlar əsassız olaraq B.Məmmədova fiziki təzyiq göstərilməsi ilə bağlı məlumatlar yayırlar: 

“İctimai diqqəti cəlb etmək üçün belə fikirlər yayırlar. İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi bu yaxınlarda yenidən qurulub və ən müasir tələblərə cavab verir. Orada saxlanıların hüquqlarının təmin olunması, yaxınları ilə görüşməsi, qida ilə təmin olunması, qohumları ilə görüşməsi üçün tam şərait yaradılır. Bu xidmətdə nazirlik, prokurorluq, Ombudsman aparatı və digər ictimai nəzarətlə məşğul olan təşkilatlar mütəmadi monitorinq keçirir. Orada hər tərəf kameralarla təchiz edilib. 

Ümumiyyətlə, orada heç kimi döymürlər. Bu iddiaların yayılması başqa məqsəd daşıyır. Həmin məlumat yayılan gün Ombudsman aparatı xəbərdar etmədən birbaşa başvurma həyata keçirib, Bayram Məmmədovla görüşüblər və deyilənlərin heç biri öz təsdiqini tapmayıb. 

Daha sonra İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri də baxış keçirib və adıçəkilən şəxslə görüşüblər. Yəni, həm dövlət, həm ictimai nəzarət altında belə iddiaların real olması mümkünsüzdür. İnsanın səhhətində müəyyən problemlər ola bilər, onda da həkim yoxlamasından keçirilirlər, müvafiq müalicələrini alırlar”.

Xatırladaq ki, B. Məmmədov mart ayında əfvə düşərək azadlığa buraxıldıqdan bir neçə gün sonra yenidən saxlanılıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ